Həyatın Mənşəyi

İnsanın mənşəyi

Təkamül: elmdən kənar inanc

Oxu müddəti: ~2 dəq.

Solli Sukerman Böyük Britaniyanın ən məşhur alimlərindən biridir. O, on illərlə fosillər üzərində çalışmış, bir çox tədqiqat aparmış, hətta bu araşdırmalarına görə London Kral Cəmiyyətinə üzv seçilmişdir. Sukerman təkamülçüdür, yəni təkamül haqqında qəsdən əks şərhlər verməz. Lakin insanın təkamülü ssenarisinə aid edilən fosilləri on illərlə araşdırdıqdan sonra ortada həqiqi nəsil ağacının olmadığına qənaət gətirmişdir.

Sukerman maraqlı “elm şkalası” tərtib etmişdir. Elmi hesab etdiyi məlumat mənbələrindən elmdən kənar hesab etdiyi sahələrə qədər sxem qurmuşdur. Sukermanın bu cədvəlinə görə, ən “elmi”, yəni konkret məlumatlara əsaslanan elm sahələri kimya və fizikadır. Sxemdə bunlardan sonra biologiya, daha sonra sosial elmlər gəlir. Sxemin ən kənarında, yəni ən “elmdən uzaq” sayılan bölmədə isə, Sukermanın fikrincə, telepatiya, altıncı hiss kimi “duyğulardan kənar qavrayış” anlayışları və bir də “insanın təkamülü” yerləşir! Sukerman sxemin bu hissəsini belə izah edir:

“Obyektiv həqiqətin sərhədlərindən çıxıb bioloji elm kimi qəbul edilən bu sahələrə, yəni duyğulardan kənar qavrayışa və insanın fosil tarixinin izah olunmasına keçdikdə öz nəzəriyyəsinə inanan insan üçün hər şeyin mümkün olduğunu görürük. Belə ki, nəzəriyyələrinə tamamilə inanan bu insanların bəzi təzadları eyni anda qəbul etmələri belə mümkündür”.227

İnsanın mənşəyi haqqında məşhur KİV-lərdən biri olan “Discovering archeology” jurnalında isə jurnalın redaktoru Robert Lokk tərəfindən yazılan məqalədə: “İnsanın əcdadını axtarmaq işıqdan çox istilik verir”, -deyilir və məşhur təkamülçü paleoantropoloq Tim Uaytın bu etirafı verilir:

“Bu günə qədər cavablandıra bilmədiyimiz suallara görə hamımız ümidsizliyə düşmüşük”.228

Məqalədə təkamül nəzəriyyəsinin insanın mənşəyi ilə bağlı qarşılaşdığı müəmma və bu sahədə aparılan təbliğatın əsassızlığı belə izah edilir:

“Bəlkə də, elmin heç bir sahəsi insanın mənşəyini müəyyən etmək səylərindən daha mübahisəli deyil. Tanınmış paleontoloqlar insanın nəsil ağacının ən əsas budaqları üzərində belə müəmma içindədirlər. Yeni budaqlar böyük mübahisələrlə ortaya qoyulur, ancaq yeni fosil tapıntıları qarşısında etibarını itirib yox olur”.229

Eyni həqiqət məşhur “Nature” jurnalının redaktoru Henri Ci tərəfindən də qəbul edilmişdir. Ci 1999-cu ildə nəşr olunan “In search of deep time” adlı kitabında: “İnsanın təkamülü ilə əlaqədar 5-10 milyon il əvvələ aid bütün fosillər kiçik bir qutuya sığa biləcək qədər azdır”, -deyir. Cinin buradan gəldiyi nəticə də çox maraqlıdır:

“Əcdad-xələf əlaqələrinə əsaslanan insanın təkamül sxemi tamamilə həqiqətdən uzaq insan icadıdır və insanların ehkamlarına görə formalaşdırılmışdır… Bir yığın fosil götürmək və bunların qohumluq əlaqələrini iddia etmək təcrübi yolla sübut ediləcək elmi fərziyyə deyil, nağıllarla eyni mahiyyət daşıyan iddiadır – əyləndirici, bəlkə də, yönləndiricidir, amma elmi deyil”.230

Göründüyü kimi, təkamül nəzəriyyəsinin əsası bu nəzəriyyəni dəstəkləyən hər hansı elmi nailiyyət deyil, bu nəzəriyyəyə kor-koranə inanmış bəzi alimlərdir. Bu alimlər heç bir elmi əsası olmasa da, təkamül əfsanəsinə həm özləri inanır, həm də onlarla əməkdaşlıq edən mediadan istifadə edərək kütlələri inandırırlar.

İstinadlar

  1. Solly Zuckerman, Beyond The Ivory Tower, New York: Toplinger Publications, 1970, səh. 19. ↩
  2. Robert Locke, “Family Fights”, Discovering Archaeology, iyul/avqust 1999, səh. 36-39. ↩
  3. Robert Locke, “Family Fights”, Discovering Archaeology, iyul/avqust 1999, səh. 36. ↩
  4. Henry Gee, In Search of Deep Time, New York, The Free Press, 1999, səh. 116-117. ↩