Həyatın Mənşəyi

İnsanın mənşəyi

Daxmalar və ayaq izləri

Oxu müddəti: ~3 dəq.

Bu günə qədər kəşf edilən bir çox tapıntı Homo sapiensin tarixinin 800 min ildən daha qədim olduğunu göstərdi. Bunlardan biri də Luis Likinin 1970-ci illərin əvvəllərində Olduvay dərəsindəki tapıntıları idi. Liki buradakı Bed II təbəqəsində avstralopitek, Homo habilis və Homo erectus növlərinin eyni anda bir yerdə yaşadıqlarını müəyyən etmişdi. Ancaq daha da maraqlısı Likinin eyni təbəqədə (Bed II) tapdığı bir daxma idi. Liki burada daşdan tikilmiş bir daxmanın qalıqlarını tapmışdı. Hadisənin ən maraqlı tərəfi isə bu idi ki, Afrikanın bəzi bölgələrində hələ də istifadə edilən bu daxmaları yalnız Homo sapienslər tikə bilərdi! Yəni Likinin tapıntılarına görə avstralopitek, Homo habilis, Homo erectus və bugünkü insan bundan təxminən 1,7 milyon il əvvəl bir yerdə yaşamış olmalıydılar.216 Bu həqiqət, əlbəttə, bugünkü insanların avstralopitek adlandırılan meymunlardan təkamüllə törədiyini irəli sürən təkamül nəzəriyyəsini tamamilə əsassız edirdi.

Əslində, indiyə kimi bugünkü insanların izlərini 1,7 milyon ildən də qədimə aparan tapıntılar ələ keçib. Bu tapıntıların ən əsası Meri Liki tərəfindən 1977-ci ildə Tanzaniyanın Laetoli bölgəsində aşkar olunan ayaq izləri idi. Bu izlər 3,6 milyon illik təbəqənin üzərində idi və ən əsası, bugünkü insanın ayaq izlərindən qətiyyən fərqlənmirdi.

Meri Likinin aşkar etdiyi bu ayaq izləri daha sonra Don Cohanson və Tim Uayt kimi məşhur paleoantropoloqlar tərəfindən də araşdırıldı. Əldə edilən nəticələr eyni idi. Uayt belə yazırdı:

Qətiyyən şübhəniz olmasın… Bunlar bugünkü insanın ayaq izlərindən qətiyyən fərqlənmir. Əgər bu izlər bu gün hər hansı Kaliforniya çimərliyində tapılsaydı və bir uşaqdan bunların nə olduğu soruşulsaydı, heç tərəddüd etmədən burada bir insanın gəzdiyini söyləyərdi. Bunları çimərlikdəki yüzlərlə digər insan ayaq izindən ayıra bilməzdi. Heç siz də ayırd edə bilməzdiniz.217

Şimali Kaliforniya Universitetindən Luis Robins isə ayaq izlərini araşdırdıqdan sonra belə deyirdi:

“Ayaq qövsü hündürdür, kiçik ölçülü insanın ayağı mənimkindən daha hündürdür, yəni barmaqlar insan barmaqlarıyla eyni şəkildə yeri örtür. Bunu başqa heyvan növlərində görə bilməzsiniz”.218

Ayaq izlərinin morfoloji quruluşu üzərində aparılan araşdırmalar bunun adi bir insan, özü də bugünkü insan (Homo sapiens) izi kimi qəbul edilməsini tələb edirdi. Ayaq izlərini araşdıran Rassel Tattl belə yazırdı:

“Bu izlər ayaqyalın Homo sapiens tərəfindən buraxılmış olmalıdır… Aparılan bütün morfoloji tədqiqatlar bu izləri buraxan canlının ayağının günümüzdəki insan ayağından fərqli olmadığını göstərir”.219

Bitərəf araşdırmalar ayaq izlərinin əsl sahiblərini də müəyyən etdi: ortada 10 yaşında bir insanın 20 ədəd və daha az yaşlı birisinin 27 ədəd daşlaşmış ayaq izi vardı. Bunlar tamamilə bizim kimi normal insanlar idi.

Bu vəziyyət Laetoli ləpirlərini on illərlə müzakirə mövzusuna çevirdi. Təkamülçü paleoantropoloqlar insanın 3,6 milyon il əvvəl yer üzündə yeriyə bildiyini qəbul edə bilmir və buna dair izah verməkdə çətinlik çəkirdilər. 90-cı illərdə bu “izah” formalaşdı. Təkamülçülər bu izlərin bir avstralopitekə məxsus olduğuna qərar verdilər; çünki bundan 3,6 milyon il əvvəl Homo növünün yaşaması, nəzəriyyələrinə görə, mümkün deyildi! Rassel Tattl 1990-cı il tarixli bir məqaləsində belə yazırdı:

“Nəticədə, Laetoli G ərazisindəki 3,5 milyon illik ayaq izləri bugünkü insanların izlərinə çox bənzəyir. Bu tapıntı izləri qoyan canlıların bizdən daha pis və ya fərqli yeriyən canlı olduğunu göstərmir. Əgər ayaq izləri bu qədər qədim olmasaydı, bunların da bizim kimi adi Homo növü tərəfindən qoyulduğunu müzakirəsiz qəbul edə bilərdik… Amma yaş problemi səbəbi ilə bu ləpirlərin Lüsi fosili ilə eyni növə, yəni Australopithecus afarensis növünə aid canlı tərəfindən qoyulduğunu qəbul etməliyik”.220

Qısaca desək, 3,6 milyon illik bu ayaq izlərinin avstralopitekə aid olması qeyri-mümkün idi. Ayaq izlərinin avstralopitekə aid olduğuna dair fikir yaranmasının səbəbi isə, sadəcə olaraq, fosillərin tapıldığı 3,6 milyon illik vulkanik təbəqə idi. Bu qədər qədim zamanda insanların yaşaya bilməyəcəyini düşünərək ayaq izlərini avstralopitekə aid etmişdilər.

Laetoli izləri haqqında verilən bu izahlar bizə çox vacib həqiqəti göstərir. Təkamülçülər nəzəriyyələrini elmi nailiyyətlərə əsaslanaraq müdafiə etmirlər! Ortada kor-koranə müdafiə olunan bir nəzəriyyə var və əlimizə keçən hər bir elmi tapıntı bu nəzəriyyə ilə uzlaşdırılmaq naminə təhrif edilir və ya görməzliyə vurulur.

Bir sözlə, təkamül nəzəriyyəsi elmi nəzəriyyə deyil, elmdən kənar cəfəngiyatdır.

İstinadlar

  1. A. J. Kelso, Physical Anthropology, 1-ci nəşr, 1970, səh. 221; M. D. Leakey, Olduvai Gorge, 3-cü cild, Cambridge: Cambridge University Press, 1971, səh. 272. ↩
  2. D. C. Johanson & M. A. Edey, Lucy: The Beginnings of Humankind, New York: Simon & Schuster, 1981, səh. 250. ↩
  3. “The Leakey Footprints: An Uncertain Path,” Science News, cild 115, 1979, səh. 196 ↩
  4. Ian Anderson, “Who made the Laetoli footprints?”, New Scientist, cild 98, 12 may 1983, səh. 373. ↩
  5. Russell H. Tuttle, “The Pitted Pattern of Laetoli Feet”, Natural History, cild 99, mart 1990, səh. 64. ↩