Oxu müddəti: ~3 dəq.
Avstralopitekin skelet və kəllə sümüyü quruluşunun şimpanzelərdən o qədər də fərqlənməməsi və bu canlıların dik yeriməsi iddiasının əsaslı dəlillərlə təkzib edilməsi təkamülçü paleoantropoloqları çətin vəziyyətdə qoymuşdur. Çünki xəyali təkamül sxemlərində avstralopitekdən sonra Homo erectus gəlir. Homo erectus adının əvvəlindəki “homo” (yəni “insan”) terminindən də bilindiyi kimi, bu, insan qrupudur və skeleti də dikdir. Kəllə sümüyünün həcmi avstralopitekdən iki dəfə böyükdür. Şimpanzeyə bənzəyən meymun növü olan avstralopitekdən bugünkü insandan fərqlənməyən skeletə malik Homo erectusa keçid isə təkamül nəzəriyyəsinə görə də mümkün deyil. Bu səbəbdən “əlaqə”lər, yəni “keçid forma”lar lazımdır. Homo habilis anlayışı da məhz bu zərurətdən doğmuşdur.
Homo habilis 1960-cı illərdə ailəliklə “fosil ovçusu” olan Likilər tərəfindən ortaya atıldı. Likilərə görə, Homo habilis kimi tərif etdikləri bu yeni canlı növü dik yerişə, nisbətən böyük beyinə, daş və taxtadan alət hazırlayıb istifadə etmək qabiliyyətinə sahib idi. Bu səbəbdən insanın əcdadı ola bilərdi.
Halbuki eyni növə aid 1980-ci illərin sonunda tapılan qalıqlar bu fikri tamamilə dəyişdirdi. Yeni tapılan qalıqlara əsaslanan Bernard Vud və Lorinq Breys kimi tədqiqatçılar onların “alətdən istifadə edən insan” mənasına gələn Homo habilis əvəzinə “alətdən istifadə edən Cənubi Afrika meymunu” mənasına gələn Australopithecus habilis adlandırılmasını təklif etdilər. Çünki Homo habilis avstralopitek adlandırılan meymunlarla bir çox ortaq xüsusiyyətə malik idi. Avstralopitek kimi uzun qollu, qısa ayaqlı və meymunabənzər skelet quruluşu var idi. Əl və ayaq barmaqları dırmaşmağa uyğun idi. Çənə quruluşu eynilə dövrümüzdəki meymunlarınkına bənzəyirdi. 630 sm3-lik beyin həcmi də onların meymun olduğunu göstərirdi. Bir sözlə, bəzi təkamülçülər tərəfindən keçid forma adlandırılan Homo habilis, əslində, bütün digər avstralopiteklər kimi nəsli kəsilmiş meymun idi.
Sonrakı illərdə aparılan tədqiqatlar Homo habilisin, həqiqətən də, avstralopitekdən fərqli canlı olmadığını aşkar etdi. 1984-cü ildə Tim Uayt tərəfindən tapılan və OH 62 adlandırılan skelet və kəllə sümüyü qalığı bu növün dövrümüzdəki meymunlarınkı kimi kiçik beyinə, budaqlara dırmaşmağa yarayan uzun qollara və qısa ayaqlara malik olduğunu göstərdi.
Amerikalı antropoloq Holli Smitin 1994-cü ildə apardığı dəqiq təhlillər də Homo habilisin, əslində, “homo”, yəni insan deyil, meymun olduğunu göstərdi. Smit Australopithecus, Homo habilis, Homo erectus və Homo neanderthalensis növlərinin dişləri üzərində apardığı təhlillər haqqında belə deyirdi:
Dişlərin inkişafı və quruluş meyarına əsaslanaraq apardığımız təhlillər avstralopitek və Homo habilis növlərinin Afrika meymunları ilə eyni kateqoriyaya aid olduğunu, lakin Homo erectus və neandertal növlərinin dövrümüzdəki insanlarla eyni quruluşa malik olduğunu göstərir.190

Eyni ildə Fred Spur, Bernard Vud və Frans Zonneveld adlı üç anatom tamamilə fərqli üsulla tədqiqat apararaq eyni nəticəyə gəldilər. Bu üsul insan və meymunların daxili qulaqlarında olan və müvazinətin təmin olunmasına xidmət edən yarımdairəvi kanalların müqayisəli təhlili idi. Spur, Vud və Zonneveld gəldikləri nəticəni belə yekunlaşdırdılar:
“Daşlaşmış hominid qalıqlar arasında dövrümüzdəki insan morfologiyasını göstərən ilk növ Homo erectusdur. Əksinə, Cənubi Afrikadan gələn və avstralopitek və parantrop adlandırılan kəllə sümüyündəki yarımdairəvi kanal ölçüləri dövrümüzə qədər yaşayan iri meymunlarınkına bənzəyir”.191
StW 53 adlı Homo habilis nümunəsi üzərində tədqiqat aparan Spur, Vud və Zonneveld “StW 53-ün avstralopiteklərdən daha az “ikiayaqlı kimi davrandığı”nı müəyyən etdilər. Bu, H. habilisin avstralopitekdən daha çox meymuna bənzədiyini göstərir. Bu səbəbdən həmin alimlər StW 53-ün “Australopithecina və H. erectus arasında morfoloji keçid formasının olmaması” nəticəsinə gəldilər.192
Bu kəşf ilə iki əsas nəticəyə gəlirik:
- Homo habilis adlandırılan fosillər, əslində, “homo” – yəni insan deyil, avstralopitek (meymun) təsnifinə daxildir.
- Həm Homo habilis, həm də avstralopitek növləri əyri yeriyən, yəni meymun skeletinə malik canlılardır. İnsanla heç bir əlaqəsi yoxdur.

İstinadlar
- Holly Smith, American Journal of Physical Antropology, cild 94, 1994, səh. 307-325. ↩
- Fred Spoor, Bernard Wood & Frans Zonneveld, “Implications of Early Hominid Labyrinthine Morphology for Evolution of Human Bipedal Locomotion”, Nature, cild 369, 23 iyun 1994, səh. 645. ↩
- Fred Spoor, Bernard Wood & Frans Zonneveld, “Implications of Early Hominid Labyrinthine Morphology for Evolution of Human Bipedal Locomotion”, Nature, cild 369, 23 iyun 1994, səh. 648. ↩
