Oxu müddəti: ~2 dəq.
Buraya qədər təhlil etdiklərimiz əsasında bu nəticəyə gəlirik: “insanın təkamül” ssenarisi tamamilə fantastikadır. Çünki belə bir nəsil ağacının mövcud olması üçün meymunlardan insanlara doğru ortaq əcdaddan gələn mərhələli təkamül baş verməli və bu prosesə dair daşlaşmış qalıqlar (fosillər) tapılmalıdır. Halbuki meymunlarla insan arasında keçilməz uçurum var. Skelet quruluşları, beyin həcmləri, dik və əyri yerimə kimi xüsusiyyətlər insan ilə meymunu bir-birindən ayırır. (1994-cü ildə daxili qulaqdakı müvazinət kanalları üzərində aparılan tədqiqatların avstralopitek və Homo habilisi meymun kateqoriyasına, Homo erectusu isə insan kateqoriyasına aid etdiyini qeyd etmişdik).
Bu fərqli növlər arasında nəsil ağacının olmadığını göstərən başqa bir kəşf isə bir-birinin əcdadı kimi göstərilən növlərin eyni tarixdə və eyni yerdə yaşamasıdır! Əgər təkamülçülərin iddia etdikləri kimi avstralopitek zaman ərzində Homo habilisə, onlar da Homo erectusa çevrilsəydilər, bu növlərin yaşadıqları dövrlər də eyni ardıcıllıqla bir-birini əvəz etməliydi. Halbuki belə bir xronoloji ardıcıllıq yoxdur.
Təkamülçülərin hesablamalarına görə, avstralopitek bundan 4 milyon il əvvəldən 1 milyon il əvvələ qədər yaşamışdır. Homo habilis kimi tərif edilən canlıların isə 1,9-1,7 milyon il bundan əvvəl yaşadıqları hesablanır. Homo habilisdən daha “təkmil” olduğu deyilən Homo rudolfensisin yaşı isə 2,8-2,5 milyon il hesablanır! Yəni Homo rudolfensis “əcdadı” hesab edilən Homo habilisdən təxminən 1 milyon il qədimdir. Digər tərəfdən Homo erectusun yaşı 1,8-1,6 milyon ildir. Yəni Homo erectusa aid nümunələr də “əcdadları” Homo habilis ilə təxminən eyni zaman intervalında meydana gəlib.
Alan Uolker: “Şərqi Afrikada avstralopiteklərlə Homo habilis və Homo erectus növlərinin eyni vaxtda yaşadıqlarına dair qəti sübutlar var”, –deyərək bu faktı təsdiqləyir.209 Luis Liki Olduvay dərəsi bölgəsindəki Bed II təbəqəsində avstralopitek, Homo habilis və Homo erectus fosillərini, demək olar ki, yan-yana tapmışdı.210
Əlbəttə, belə bir nəsil ağacı ola bilməz. Harvard Universitetindən paleontoloq Stiven Cey Quld özü də təkamülçü olmağına baxmayaraq, darvinist nəzəriyyənin düşdüyü bu çıxılmaz vəziyyəti belə açıqlayır:
“Əgər bir-biri ilə paralel dövrdə yaşayan və açıq şəkildə, biri digərindən törəməmiş üç hominid (insanabənzər) şaxəsi (A. africanus, qaba avstralopiteklər və H. habilis) qəbul ediriksə, bəs bizim nəsil ağacımıza nə oldu? Üstəlik, bunların heç biri yer üzündə hökm sürdükləri müddət boyunca hər hansı təkamül meyli nümayiş etdirmirlər”.211
Homo erectusdan Homo sapiensə doğru getsək, yenə də ortada hər hansı soy ağacının olmadığını görərik. Homo erectusun və Homo sapiens archaicin bundan 27 min il əvvələ, hətta 10 min il əvvələ qədər yaşadıqlarını göstərən kəşflər var. Avstraliyada Kou bataqlığında 13 min illik Homo erectusa aid kəllə sümüyü tapılmışdır.212
Bu mövzuda ortaya çıxan ən maraqlı kəşflərdən biri də 1996-cı ildə Yava adasında tapılan 30 min illik Homo erectus, neandertal və Homo sapiens qalıqlarıdır. “The New York Times” qəzeti ön səhifəsində bu qalıqlar haqqında yazdığı xəbərdə: “Bir neçə on il əvvələ qədər alimlər insanın formalaşmasını bir növdən başqasına doğru irəliləyən xətti ardıcıllıq kimi görürdülər. Həmçinin bu iki növün eyni dövrdə və ya bölgədə birgə tapılmasının qeyri-mümkün olduğu düşünülürdü”, –deyə yazmışdır.213 Sözügedən kəşf insanın mənşəyi haqqında ortaya atılan “təkamül ağacı”nın əsassız olduğunu bir daha göstərir.
İstinadlar
- R. E. F. Leakey, A. Walker, “On the Status of Australopithecus afarensis”, Science, cild 207, no. 4435, 7 mart 1980, səh. 1103. ↩
- A. J. Kelso, Physical Antropology, 1-ci nəşr, New York: J. B. Lipincott Co., 1970, səh. 221; M. D. Leakey, Olduvai Gorge, 3-cü cild, Cambridge: Cambridge University Press, 1971, səh. 272. ↩
- S. J. Gould, Natural History, cild 85, 1976, səh. 30. ↩
- Jeffrey Kluger, “Not So Extinct After All: The Primitive Homo Erectus May Have Survived Long Enough To Coexist With Modern Humans”, Time, 23 dekabr 1996 ↩
- John Noble Wilford, “3 Human Species Coexisted Eons Ago, New Data Suggest”, The New York Times, 13 dekabr 1996. ↩
