Oxu müddəti: ~3 dəq.

İlk kateqoriya olan avstralopitek “cənub meymunu” mənasına gəlir. Bu canlıların 4 milyon il bundan əvvəl Afrikada ortaya çıxdığı və 1 milyon il əvvələ qədər yaşadıqları güman olunur. Avstralopitek növləri arasında bəzi fərqlər var. Təkamülçülər ən qədim avstralopitek növünün A. afarensis olduğunu hesab edirlər. Bundan ardınca daha incə skeletə malik olan A. africanus ilə ondan daha böyük sümükləri olan A. robustus gəlir. A. boisei isə bəzi tədqiqatçılar tərəfindən ayrı növ, bəziləri tərəfindən də A. robustusun yarımnövü qəbul edilir.
Avstralopitek növlərinin hamısı dövrümüzdəki meymunlara bənzəyən nəsli kəsilmiş meymunlardır və hamısının beyni bugünkü şimpanzelərin beyni ilə eyni həcmdədir və ya daha kiçikdir. Əllərində və ayaqlarında bugünkü meymunlarda olduğu kimi ağaclara dırmaşmaq üçün çıxıntılar mövcuddur və ayaqları budaqlara yapışmaq üçün mükəmməl quruluşa malikdir. Boyları qısadır (ən çox 130 sm) və eynilə müasir meymunlardakı kimi erkək avstralopitek dişidən daha iridir. Kəllə sümüklərindəki yüzlərlə təfərrüat, bir-birinə yaxın gözlər, iti azı dişləri, çənə quruluşu, uzun qollar, qısa ayaqlar kimi bir sıra xüsusiyyətlər bu canlıların dövrümüzdəki meymunlardan fərqli olmadığını göstərən dəlillərdir.

________________________________________________________________
Təkamülçülər avstralopiteklərin adi meymun anatomiyasına malik olmasına baxmayaraq, bütün digər meymunların əksinə, insanlar kimi dik yeridiklərini iddia edirlər.
Sözügedən “dik yerimə” iddiası Riçard Liki, Donald Cohanson kimi təkamülçü paleoantropoloqların on illərdir müdafiə etdiyi fikirdir. Amma bir çox alim avstralopitekin skeleti üzərində çoxsaylı tədqiqat aparmış və bu iddianın əsassızlığını üzə çıxarmışdır. Böyük Britaniya və ABŞ-dan olan iki məşhur anatom Solli Sukerman və prof. Çarlz Oksnardın avstralopitek nümunələri üzərində apardıqları geniş miqyaslı tədqiqatlar bu canlıların ikiayaqlı olmadıqlarını, dövrümüzdəki meymunlarla eyni hərəkət formasına malik olduğunu göstərmişdir. Böyük Britaniyanın dəstəyi ilə təşkil olunmuş beş mütəxəssisdən ibarət tədqiqat qrupunda bu canlıların sümüklərini 15 il boyu araşdıran Sukerman, özü də təkamül nəzəriyyəsini mənimsəməsinə baxmayaraq, avstralopiteklərin sadəcə adi meymun növü olduğunu və qətiyyən dik yerimədiklərini müəyyən etmişdir.187 Bu mövzudakı araşdırmaları ilə məşhur olan digər təkamülçü anatom Çarlz E.Oksnard da avstralopitek skeletini dövrümüzdəki oranqutanlara bənzədir.188


________________________________________________________________
Avstralopitekin insanın əcdadı olmadığı son dövrdə təkamülçü mənbələr tərəfindən də qəbul edilir. Məşhur fransız elm jurnalı “Science et vie” 1999-cu il, may sayında bu mövzunu üz qabığında dərc etmişdi. Jurnal Australopithecus afarensis növünün ən əsas fosil nümunəsi hesab edilən Lüsini “Adieu Lucy” (Əlvida, Lüsi) başlığı altında göstərərək avstralopitek növünə məxsus meymunların insanın nəsil ağacından çıxarılmalı olduğunu vurğulamışdır. StW 573 seriyalı yeni avstralopitek fosilinə əsaslanaraq yazılan məqalədə belə deyilir:
Yeni nəzəriyyə avstralopitek cinsinin insanın mənşəyi olmadığını deyir… StW 573-ü araşdırmaq səlahiyyətinə malik olan yeganə qadın tədqiqatçının nail olduğu nəticələr insanın əcdadı ilə bağlı aktual nəzəriyyələrdən fərqli olaraq hominid nəsil ağacını yıxır. Beləliklə, bu nəsil ağacında yerləşən insan və əcdadları hesab edilən primat cinsli iri meymunlar aradan çıxarılır… Avstralopiteklər və Homo növləri (insanlar) eyni budaqda yerləşmirlər, Homo növlərinin (insanların) əcdadlarının hələ də üzə çıxarılması gözlənilir.189

