Oxu müddəti: ~2 dəq.
Darvinist nəzəriyyə bu gün yaşayan insanın insanabənzər varlıqlardan törədiyini iddia edir. 5-6 milyon il əvvəl başlandığı güman edilən bu prosesdə bugünkü insan ilə “əcdadları” arasında bəzi “keçid növ”lərin yaşadığı iddia edilir. Tamamilə xəyal olan bu ssenaridə dörd əsas “kateqoriya” sadalanır:
- Australopithecina (Australopithecus cinsinə aid növlər)
- Homo habilis
- Homo erectus
- Homo sapiens
Təkamülçülər insanların “ibtidai insanabənzər əcdad”ını “cənub meymunu” mənasını verən avstralopitek adlandırırlar. Bu canlılar, əslində, nəsli kəsilmiş qədim meymun növüdür. Avstralopitek cinsinin müxtəlif növləri mövcuddur. Bunların bəziləri iri, bəziləri isə daha kiçik və incə quruluşa malik meymunlardır.
İnsanın təkamülünün daha sonrakı mərhələsini isə Homo, yəni insan adı altında təsnif edirlər. İddiaya əsasən, Homo seriyasındakı canlılar avstralopitekdən daha təkmil canlılardır. Bu növün təkamülünün ən son mərhələsində isə Homo sapiens, yəni bugünkü insanın meydana gəldiyi irəli sürülür.
Təkamülçü KİV-lərdə və dərs kitablarında nəşr olunan, mediada tez-tez adı çəkilən pitekantrop (Yava adamı), sinantrop (Pekin adamı), “Lüsi” kimi fosillər yuxarıda sadaladığımız dörd növdən birinə aid edilirlər. Bu növlər də, həmçinin öz daxilində yarımnövlərə bölünür.
Bir vaxtlar çox iddialı olan Ramapithecus kimi keçid növ namizədlərinin adi meymun olduğu aşkar edilməsilə birlikdə, onlar insanın xəyali nəsil ağacından səssiz-səmirsiz çıxarılıb.185
Təkamülçülər “Australopithecus > Homo habilis > Homo erectus > Homo sapiens” ardıcıllığını tərtib edərkən bu növlərin hər birinin özündən sonrakının əcdadı olması kimi təsəvvür verirlər. Halbuki paleoantropoloqların son kəşfləri Australopithecus, Homo habilis və Homo erectusun dünyanın müxtəlif yerlərində eyni dövrlərdə yaşadıqlarını göstərir. Hətta Homo erectusa aid insanların bir qismi çox yaxın tarixə qədər yaşayıblar.
“Yava (adası)nın sonuncu Homo erectusu: Cənub-şərqi Asiyadakı Homo sapienslər ilə potensial çağdaşlığı” (Latest Homo erectus of Java; Potential contemporaneity with Homo sapiens en Southeast Asia) başlıqlı məqalədə Yavada tapılan Homo erectus fosillərinin “orta hesabla, yaşının 27±2-dən 53,3±4 min il əvvələ qədər” olduğu və onun “H. erectusun Cənub-şərqi Asiyanın dövrümüzdəki insanlar (H. sapiens) ilə anatomik cəhətdən eyni dövrdə yaşadığı ehtimalını artırdığı” ifadə edilir.186
Bundan əlavə, Homo sapiens neanderthalensis və Homo sapiens sapiens (müasir insan) eyni yerdə yan-yana tapılmışdır. Bu isə həmin canlıların bir-birinin əcdadı olmasının əsassızlığını üzə çıxarır.
Qısaca desək, bütün elmi kəşflər təkamülçülərin irəli sürdüyü fosillərin təkamül prosesini sübut etmədiyini göstərir. İnsanın əcdadları kimi ortaya atılan fosillərin bir qismi meymun növlərinə, bir qismi də müxtəlif insan irqlərinə aiddir.
Yaxşı, bəs əlimizdəki fosillərin hansı insan, hansı meymundur? Bunların hər hansı birinin həqiqi “keçid növ” hesab edilməsi nə üçün mümkün deyil? Bu sualların cavabını görmək üçün həmin “kateqoriyalar”a ardıcıllıqla nəzər yetirək.
İstinadlar
- David Pilbeam, “Humans Lose an Early Ancestor”, Science, aprel 1982, səh. 6-7 ↩
- C. C. Swisher III, W. J. Rink, S. C. Antón, H. P. Schwarcz, G. H. Curtis, A. Suprijo, Widiasmoro, “Latest Homo erectus of Java: Potential Contemporaneity with Homo sapiens in Southeast Asia”, Science, cild 274, no. 5294, 13 dekabr 1996 sayı, səh. 1870-1874; həmçinin bax: Jeffrey Kluger, “Not So Extinct After All: The Primitive Homo Erectus May Have Survived Long Enough To Coexist With Modern Humans”, Time, dekabr 23, 1996. ↩
