Oxu müddəti: ~5 dəq.
Təkamülçülərin xəyali sxeminə görə, Homo növünün növdaxili təkamülü belədir: əvvəlcə Homo erectus, sonra Homo sapiens archaic və neandertal adamı (Homo sapiens neanderthalensis), sonra da Kromanyon adamı (Homo sapiens sapiens). Halbuki bu təsniflərin hər biri, əslində, ayrı-ayrı insan irqləridir və aralarındakı fərq eskimos ilə zənci və ya piqmey ilə avropalı arasındakı fərqdən çox deyil.
Əvvəlcə, təkamülçülərin ən ibtidai insan növü hesab etdiyi Homo erectusu təhlil edək. “Erect” termini “dik” deməkdir. Homo erectus isə “dik yeriyən insan” mənasını verir. Təkamülçülər bu insanları “erect” xüsusiyyəti ilə əvvəlkilərdən fərqləndirmək məcburiyyətində qalmışdılar. Çünki mövcud Homo erectus fosilləri avstralopitek və ya Homo habilis fosillərində müşahidə olunmayan dik yerimə qabiliyyətini göstərir. Bugünkü insanın skeleti ilə Homo erectus skeleti arasında heç bir fərq yoxdur.

Təkamülçülərin Homo erectusu “ibtidai” hesab etməsinin səbəbi isə beyin həcminin (900-1100 sm3) bugünkü insanın beyin həcmindən nisbətən kiçik olması və qalın qaş çıxıntılarıdır. Halbuki hal-hazırda da dünyada Homo erectusla eyni kəllə həcminə malik bir çox insan yaşayır (məsələn, piqmeylər) və bu gün də müxtəlif irqlərdə qaş çıxıntıları var (məsələn, Avstraliya yerliləri).
Kəllə həcmindəki fərqin zəka və bacarıqla əlaqəsi yoxdur. Zəka beyinin həcminə görə deyil, beyindaxili mütəşəkkilliyə uyğun olaraq dəyişir.198
Homo erectusu bütün dünyaya tanıdan fosillər Asiyada tapılmış sinantrop (Pekin adamı) və pitekantrop (Yava adamı) fosilləri idi. Ancaq bir müddət sonra hər iki fosilin saxta olduğu məlum oldu. Sinantrop gipsdən düzəldilmiş və əsli itmiş modellərdən ibarət idi, pitekantrop isə bir kəllə sümüyü parçası ilə ondan metrlərlə uzaqda tapılmış bud sümüyündən ibarət idi və bunların eyni canlıya aid olduğuna dair heç bir göstərici yox idi. Bu səbəbdən Afrikada tapılan Homo erectus fosilləri getdikcə daha çox əhəmiyyət qazandı. (Bu məqamda Homo erectus adlandırılan fosillərdən bir qisminin bəzi təkamülçülər tərəfindən Homo ergaster adlı ikinci təsnifə daxil edildiyini də qeyd etmək lazımdır. Bu barədə aralarında anlaşılmazlıq var. Biz isə sözügedən fosillərin hamısını Homo erectus təsnifi daxilində araşdıracağıq).

Afrikada tapılan Homo erectus nümunələrinin ən məşhuru Keniyadakı Turkana gölü yaxınlığında tapılan “Turkana uşağı” fosilidir. Bu fosilin 12 yaşında bir uşağa aid olduğu və böyüdükdə təxminən 183 sm boyu olacağı müəyyən olundu. Fosilin özünəməxsus dik skelet quruluşu dövrümüzdəki insandan fərqlənmir. Amerikalı paleoantropoloq Alan Uolker: “Bu skelet ilə bugünkü insan skeletini bir-birindən fərqləndirmək çox çətindir”, -deyir. Uolker kəllə sümüyünü gördükdə güldüyünü, çünki kəllə sümüyünün neandertal kəlləsinə həddən artıq bənzədiyini yazır.199
Növbəti səhifələrdə təhlil edəcəyimiz neandertallar bugünkü insanın bir irqidir. Bu səbəbdən Homo erectus da yenə bugünkü insanın bir irqidir.
Təkamülçü paleoantropoloq Riçard Liki də Homo erectus ilə dövrümüzdəki insan arasındakı fərqin irqi fərqdən başqa məna kəsb etmədiyini belə ifadə edir:
Hər insan bu fərqləri sezə bilər: kəllənin forması, üzün mailliyi, qaş çıxıntısının kobudluğu və s. Ancaq bu fərqlər bu gün müxtəlif coğrafi bölgələrdə yaşayan insan irqləri arasındakı fərqlərdən çox deyil. Belə bir variasiya insan icmaları bir-birlərindən uzun zaman ayrı qaldıqda üzə çıxır.200
Konnektikut Universitetindən prof. Uilyam Laflin eskimoslar və Aleut adaları insanları üzərində uzun illər anatomik tədqiqatlar aparmış və bu insanlar ilə Homo erectusun heyrətamiz dərəcədə bir-birinə bənzədiyini görmüşdür. Laflin bütün bu irqlərin, əslində, Homo sapiens növünə (müasir insana) aid müxtəlif irqlər olduğu nəticəsinə gəlmişdir:
Hamısı Homo sapiens növünə aid olan eskimoslar və Avstraliya yerliləri kimi bir-birindən uzaq qruplar arasındakı böyük fərqləri nəzərə alsaq, Homo erectusun da öz daxilində müxtəlif fərqlər daşıyan bu növə (Homo sapiensə) aid olduğu nəticəsinə gəlmək çox məntiqlidir.201

Son illərdə Homo erectus kateqoriyasına aid edilən fosillərin, əslində, Homo sapiensdən ayrı növ sayılacaq qədər fərq daşımadığı elm dünyasında getdikcə daha çox dilə gətirilir. “American Scientist” jurnalında bu mövzudakı mübahisələr və 2000-ci ildə bu mövzu ilə bağlı təşkil edilən bir konfransın nəticəsi belə yekunlaşdırıldı:
“Senkenberq konfransında iştirak edənlərin əksəriyyəti Miçiqan Universitetindən Milford Uolpoff, Kanberra Universitetindən Alan Torn və həmkarları tərəfindən başlanan Homo erectusun taksonomik statusuna dair qızğın müzakirələrə qatıldılar. Bunlar (Uolpoff və Torn) qətiyyətlə Homo erectusun bir növ olmadığını, tamamilə aradan qaldırılmalı olduğunu müdafiə etdilər. Onların fikrincə, Homo cinsinin bütün üzvləri 2 milyon il əvvəldən dövrümüzə qədər müxtəlifləşərək çox açıq və geniş sahələrə yayılmış yeganə növ, yəni Homo sapiens növü idi və bu növ daxilində təbii fərqlər və yarımnövlər tapılmırdı. Konfransda Homo erectusun mövcud olmadığı müzakirə olunurdu.202

Yuxarıdakı tezisi müdafiə edən alimlərin gəldiyi nəticə “Homo erectus Homo sapiensdən fərqli növ deyil, Homo sapiens daxilindəki irqdir” şəklində ifadə edilə bilər. Adi insan irqi olan Homo erectus ilə “insanın təkamülü” ssenarisində ondan əvvəl gələn meymunlar (Australopithecus, Homo habilis və Homo rudolfensis) arasında böyük uçurum var. Yəni fosil qeydlərində meydana çıxan ilk insanlar təkamül keçirmədən, eyni anda və birdən-birə meydana gəliblər.

İstinadlar
- Marvin Lubenow, Bones of Contention, Grand Rapids, Baker, 1992, səh. 136. ↩
- Marvin Lubenow, Bones of Contention, Grand Rapids, Baker, 1992, səh. 83. ↩
- Boyce Rensberger, The Washington Post, 19 noyabr 1984. ↩
- Richard Leakey, The Making of Mankind, London: Sphere Books, 1981, səh. 62. ↩
- Pat Shipman, “Doubting Dmanisi”, American Scientist, noyabr-dekabr 2000, səh. 491. ↩
