Oxu müddəti: ~2 dəq.
Bütün bu araşdırdıqlarımızla bərabər təkamülçülərin xəyali nəsil ağacını kökündən məhv edən ən mühüm həqiqət isə Homo sapiens, yəni bugünkü insanın tarixinin düşünülməyəcək qədər qədim olmasıdır. Paleontoloji kəşflər bundan təxminən bir milyon il əvvəl də eynilə bizim kimi Homo sapiens insanlarının yaşadıqlarını göstərir.
Bu mövzudakı ilk tapıntılar məşhur təkamülçü paleoantropoloq Luis Likiyə aid idi. Liki 1932-ci ildə Keniyada Viktoriya gölü yaxınlığındakı Kancera bölgəsində anatomik cəhətdən dövrümüzdəki insandan fərqi olmayan və Orta Pleystosen dövrünə aid olan bir neçə qalıq tapdı. Ancaq Orta Pleystosen dövrü bundan bir milyon il əvvələ gedib çıxır.214 Bu kəşflər təkamül ağacını (nəsil ağacı) alt-üst etdiyi üçün bəzi təkamülçü paleoantropoloqlar tərəfindən rədd edildi. Amma Liki fikrinin doğru olduğunu həmişə müdafiə etdi.
Bu müzakirələr təzəcə unudulmuşdu ki, 1995-ci ildə İspaniyada tapılan yeni bir fosil Homo sapiensin yaşının zənn edildiyindən daha qədim olduğunu ortaya qoydu. Sözügedən fosil Madrid Universitetindən üç ispan paleoantropoloq tərəfindən İspaniyanın Atapuerka ərazisində yerləşən Qran Dolina mağarasında tapıldı. Fosil bugünkü insanla tamamilə eyni görünüşə sahib olan 11 yaşlı uşağa aid kəllə sümüyünün üz hissəsinə aid hissə idi. Ancaq yaşı 800 min il idi. “Discover” jurnalı 1997-ci il dekabr sayında bu mövzuya geniş yer verdi.


İspaniyanın Atapuerka ərazisində tapılan üz sümüyü bugünkü insanlarla eyni üz quruluşuna malik olan insanların 800 min il əvvəl də yaşadıqlarını göstərirdi.
Bu fosil Qran Dolina tədqiqat qrupunun rəhbəri Arsuaqa Ferrerasın belə insanın təkamülü haqqındakı inanclarını sarsıtmışdı. Ferreras belə deyirdi:
Böyük, geniş, qabarıq, yəni primitiv bir şeylə qarşılaşacağımızı ümid edirdik. 800.000 il yaşı olan bu uşağın Turkana uşağı kimi bir şey olmasını gözləyirdik. Amma bizim tapdığımız tamamilə müasir bir üz idi… Bunlar sizi sarsıdan faktorlardır: fosil tapmaq yox, bütöv fosil tapmaq da gözlənilməz və gözəl hadisədir. Lakin ən təsirli olan bu günə aid olduğunu düşündüyünüz bir şeyi keçmişdə tapmağınızdır. Bu, Qran Dolinada maqnitofon tapmaq kimi bir şeydir. Belə bir şey, əlbəttə, çox təəccüblü olardı. Alt Pleystosen təbəqələrində maqnitofonlar, kasetlər tapmağı gözləmirik, ancaq 800 min illik “müasir” üz tapmaq da bunun kimi bir şeydir. Onu gördükdə çox heyrətlənmişdik.215
Bu fosil Homo sapiens tarixinin 800 min il geriyə çəkilməsinin lazım olduğuna işarə edirdi. Amma fosili tapan təkamülçülər, ilk şoku keçirdikdən sonra, bu fosilin başqa bir növə aid olduğuna qərar verdilər. Çünki təkamülün nəsil ağacına əsasən, 800 min il əvvəl Homo sapiens yaşamamalıydı. Ona görə Homo antecessor adlı xəyali növ uydurdular və Atapuerka kəllə sümüyünü bu ardıcıllığa daxil etdilər.
