Oxu müddəti: ~2 dəq.
Təkamülçülər nəzəriyyələrini sübut edəcək elmi nəticələr əldə edə bilməsələr də, başqa məsələdə olduqca mahirdirlər: təbliğat. Bu təbliğatın ən əsas elementi isə “rekonstruksiya” adı verilən saxta illüstrasiyalardır.
Rekonstruksiya “yenidən inşa”, “bərpa” deməkdir və ancaq kiçik bir sümüyü tapılmış canlının şəklinin və ya maketinin düzəldilməsidir. Qəzetlərdə, jurnallarda, filmlərdə gördüyünüz “meymun-adam”ların hər biri rekonstruksiyadır.
Ancaq insanın mənşəyi ilə əlaqədar fosil qeydləri çox vaxt yarımçıq olduğu üçün bunlara əsaslanaraq hər hansı ehtimal vermək tamamilə təxəyyülə söykənir. Buna görə də təkamülçülər tərəfindən fosillərə əsaslanaraq düzəldilən rekonstruksiyalar tamamilə təkamül ideologiyasının əsaslarına uyğun olaraq hazırlanır. Harvard Universiteti antropoloqlarından Devid Pilbim: “Mənim məşğul olduğum paleoantropologiya sahəsində daha əvvəl aldığım təəssüratlardan meydana gəlmiş nəzəriyyə daim həqiqi məlumatlara üstün gəlir”, -deyərkən bu həqiqətə diqqət çəkir.231 İnsanlar əyani vasitələrdən daha tez təsirləndikləri üçün məqsəd bu insanları təxəyyül yolu ilə bərpa edilmiş varlıqların keçmişdə həqiqətən yaşadığına inandırmaqdır.
Burada bir cəhətə diqqət yetirmək lazımdır: sümük qalıqlarına əsaslanaraq görülən bu cür işlərdə yalnız əldə olan predmetin olduqca ümumi xüsusiyyətləri üzə çıxarıla bilər. Halbuki əsl müəyyənedici detallar zaman ərzində məhv olan yumşaq toxumalardır. Təkamülə inanan hər hansı bir insanın bu yumşaq toxumalara istədiyi kimi forma verib xəyali varlıq uydurması çox asandır. Harvard Universitetindən Ernest A.Huton bu vəziyyəti belə izah edir:
“Yumşaq hissələrin yenidən bərpasına cəhd etmək daha da riskli işdir. Dodaqlar, gözlər, qulaqlar və burun ucu altdakı sümük paylarında heç bir iz buraxmır. Eyni materiallarla bir neandertal kəlləsinə həm şimpanze görünüşü, həm də bir filosofa aid üz cizgiləri verə bilərsiniz. Qədim insan növlərinə aid olduğu iddia edilən bu rekonstruksiyaların elmi dəyəri yox dərəcəsindədir və yəqin ki, sadəcə ictimaiyyəti yanlış istiqamətləndirmək məqsədi daşıyır… Buna görə də rekonstruksiyalara etibar etməyin”.232
Təkamülçülər bu məsələnin o qədər “ağını çıxardıblar” ki, eyni kəllə sümüyünə bir-birindən olduqca fərqli simalar, üz cizgiləri yapışdırırlar. Australopithecus robustus (Zinjanthropus) adlı fosil üçün edilən bir-birindən tamamilə fərqli üç ayrı rekonstruksiya buna misaldır.
Fosillərin birtərəfli şərh olunması və ya xəyali rekonstruksiyalar edilməsi təkamülçülərin təbliğatdan hansı tərzdə istifadə etdiklərini göstərən faktdır. Lakin bunları təkamül nəzəriyyəsi tarixində rast gəlinən bəzi konkret saxtakarlıqlarla müqayisə etdikdə çox adi görünür.
Mediada və akademik nəşrlərdə mütəmadi olaraq təlqin edilən “meymun-insan” imicini dəstəkləyən heç bir konkret fosil yoxdur. Təkamülçülər əllərinə fırça götürüb xəyali varlıqlar çəkirlər, amma bu canlıların daşlaşmış qalıqlarının olmaması onlar üçün böyük problemdir. Bu problemi “həll etmək” üçün istifadə etdikləri maraqlı üsullardan biri isə tapa bilmədikləri fosilləri “düzəltmək”dir. Elm tarixinin ən böyük qalmaqalı olan Piltdaun adamı bunun bir nümunəsidir.
