Həyatın Mənşəyi

Gerçək təbiət tarixi – II (Quşlar və məməlilər)

Yeriyən balina nağılının əsassızlığı

Oxu müddəti: ~2 dəq.

Əslində, nə pakisetin, nə də ambulosetin balinalarla qohumluq əlaqələri olduğuna dair heç bir dəlil yoxdur. Bunlar sadəcə nəzəriyyələrinə əsasən, dəniz məməliləri üçün quruda yaşayan bir əcdad tapmaq məcburiyyətində olan təkamülçülərin bəzi məhdud bənzərliklərə əsaslanaraq müəyyən etdikləri “əcdad namizədləridir”. Bu canlıların özləriylə çox yaxın geoloji dövrdə fosil qeydlərində üzə çıxan dəniz məməliləri ilə əlaqələrinin olduğunu göstərən heç bir dəlil yoxdur.

Təkamül sxemində pakiset və ambulosetin ardınca sözügedən dəniz məməlilərinə keçilir və Basilosaurus, Dorudon kimi Archaeocetea (nəsli kəsilmiş balina) növləri düzülür. Sözügedən canlılar, həqiqətən də, suda yaşayan nəsli kəsilmiş məməlilərdir (bir az sonra bu mövzuya da toxunacağıq). Ancaq pakiset və ambuloset ilə bu dəniz məməliləri arasında çox böyük anatomik fərqlər var. Canlıların fosilləri təhlil edildikdə onları bir-birləri ilə əlaqələndirən “keçid formalar” olmadığı açıq şəkildə görünür:

  • Quruda yaşayan dördayaqlı məməli olan ambulosetdə onurğa çanaq (pelvis) sümüyündə bitir və bu sümüyə bağlanan güclü ayaq sümükləri uzanır. Bu tipik quru məməlisinin anatomiyasıdır. Balinalarda isə onurğa quyruğa qədər davam edir və onlarda çanaq sümüyü yoxdur. Belə ki, ambulosetdən 10 milyon il sonra yaşadığı hesab edilən Basilosaurus eynilə bu anatomiyaya malikdir. Yəni tipik balinadır. Tipik quru canlısı olan ambuloset ilə tipik balina olan Basilosaurus arasında isə heç bir “keçid forma” yoxdur.
  • Basilosaurus və kaşalotun onurğalarının alt hissəsində onurğadan ayrı kiçik sümüklər yerləşir. Təkamülçülər bunların “rudiment ayaqlar” olduğunu iddia edirlər. Lakin sözügedən sümüklər Basilosaurusda “cütləşmə vəziyyətini almağa kömək edir”, kaşalotda isə “çoxalma orqanlarına dəstək olur”.164 Onsuz da çox mühüm funksiyanı yerinə yetirən skelet hissələrini başqa bir funksiyanın “rudiment orqanı” kimi tərif etmək təkamülçü ehkamdan başqa bir şey deyil.

Nəticədə, dəniz məməlilərinin quru məməliləri ilə aralarında “keçid forma” olmadan, özünəməxsus quruluşları ilə ortaya çıxdıqları həqiqəti dəyişmir. Ortada heç bir təkamül zənciri yoxdur. Robert Kerroll bu həqiqəti istəmədən və təkamülçü dillə də olsa, belə qəbul edir: “Birbaşa balinalara uzanan mezonixid zənciri qurmaq mümkün deyil”.165 Balinaları öyrənən məşhur mütəxəssis olan rus alimi Q.A.Mkedlidze də təkamülçü olmasına baxmayaraq, pakiset, ambuloset və onlara bənzər dördayaqlı “balina əcdadı namizədləri”nin bu şəkildə tərif edilməsi ilə razı deyil və onları tamamilə ayrı bir qrup kimi tərif edir.166

İstinadlar

  1. National Geographic Türkiye, “Balinaların Evrimi”, noyabr 2001, səh. 163. ↩
  2. Robert L. Carroll, Patterns and Processes of Vertebrate Evolution, Cambridge University Press, 1998, səh. 329. ↩
  3. G. A. Mchedlidze, General Features of the Paleobiological Evolution of Cetacea, ruscadan tərcümə (Rotterdam: A.A. Balkema), 1986, səh. 91. ↩