Oxu müddəti: ~4 dəq.
Təkamülçü bioloqların arxeopteriksi keçid forma kimi göstərərkən əsaslandıqları ən mühüm iki cəhət isə bu canlının qanadlarının üzərindəki caynaqları və ağzındakı dişləridir.
Arxeopteriksin qanadlarında caynaqlarının və ağzında dişlərinin olduğu doğrudur, ancaq bu xüsusiyyətləri canlının sürünənlərlə hər hansı əlaqəsi olduğunu göstərmir. Çünki dövrümüzdə yaşayan iki cür quşda – Touraco corythaix və Opisthocomus hoazində də budaqlara yapışmağa kömək edən caynaqlar var. Bu canlılar heç bir sürünən xüsusiyyəti daşımayan tam formalı quşdurlar. Ona görə də arxeopteriksin qanadlarında caynaqlarının olması və bu səbəbdən də keçid forma olması iddiası əsassızdır.
Arxeopteriksin ağzındakı dişləri də canlını keçid forma hesab etməyə əsas vermir. Təkamülçülər bu dişlərin sürünən xüsusiyyəti olduğunu irəli sürərək yanılırlar. Çünki dişlər sürünənlərin tipik xüsusiyyəti deyil. Dövrümüzdə bəzi sürünənlərin dişləri var, bəzilərində isə yoxdur. Daha da önəmli olan cəhət budur ki, dişli quşlar təkcə arxeopterikslə məhdudlaşmır. Dövrümüzdə dişli quşların artıq yaşamadıqları doğrudur, ancaq fosillərə baxdıqda istər arxeopteriks ilə eyni dövrdə, istərsə də daha sonra, hətta dövrümüzə olduqca yaxın tarixlərə qədər “dişli quşlar” adlandırılan fərqli quş qrupunun yaşadığını görərik.
Ən mühüm məsələ isə ondadır ki, arxeopteriks və digər dişli quşların diş formaları bu quşların “təkamül əcdadları” hesab edilən dinozavrların diş formalarından çox fərqlidir. L.D.Martin, C.D.Stüart və K.N.Uetstoun kimi məşhur ornitoloqların apardıqları ölçmələrə əsasən, arxeopteriksin və digər dişli quşların dişlərinin üstü düzdür və kökləri genişdir. Lakin bu quşların əcdadı olduğu iddia edilən teropod dinozavrlarının dişlərinin üstü mişar kimi çıxıntılıdır və kökləri də dardır.128 Eyni tədqiqatçılar eyni zamanda arxeopteriks ilə onun “əcdadları” hesab edilən teropod dinozavrlarının bilək sümüklərini müqayisə etmişlər və aralarında heç bir bənzərlik olmadığını üzə çıxarmışlar.129
Arxeopteriksin dinozavrlardan təkamül yolu ilə törədiyini iddia edən qabaqcıl təkamülçülərdən biri olan Con Ostromun bu canlı ilə dinozavrlar arasında irəli sürdüyü bəzi “bənzərliklər”in isə, əslində, səhv şərh olduğu S.Tarsitano, M.K.Hext və A.D.Uolker kimi anatomistlərin tədqiqatları ilə aşkar olmuşdur.130
A.D.Uolker arxeopteriksin qulaq hissəsini də tədqiq etmiş və qulaq formasının da müasir quşlardakı ilə eyni olduğunu bildirmişdir.131
Uels Universitetinin Biologiya Elmləri İnstitutundan C.Riçard Hinçlif isə rüşeymlər üzərində müasir izotopik texnikadan istifadə edərək quşların əllərinin II, III və IV barmaqlardan ibarət olduğunu, teropod dinozavrlarınkının isə I, II və III barmaqlardan təşkil olunduğunu müəyyən etmişdir. Bu isə arxeopteriks-dinozavr əlaqəsinin müdafiə edənlər üçün böyük problemdir.132 Hinçlifin tədqiqatları və müşahidələri məşhur elmi jurnal olan “Elm”in (Science) 1997-ci ildəki bir sayında belə dərc edilmişdir:

Teropodlarla quş sümükləri arasındakı homologiya “dinozavr mənşəyi” hipotezi ilə əlaqədar digər bəzi problemləri də yada salır. Onlardan bəziləri bunlardır: (I) arxeopteriks qanadı ilə müqayisə edildikdə (bədən ölçüsünə görə) teropodun daha kiçik olan qabaq qolu. Bu cür kiçik qollar olduqca böyük dinozavrın yerdən yuxarıya doğru qanad açıb uçması üçün inandırıcı ön qanad deyil. (II) Teropodlardakı bilək sümüyü sadəcə dörd növdə var. Teropodların çoxunda bilək sümüyü çox sayda hissələrdən təşkil olunmuşdur. Bunun arxeopteriks ilə bənzərlik təşkil etməsi çox çətindir. (III) Zaman baxımından müqayisə ilə bağlı paradoks isə bir çox teropod dinozavrın və xüsusilə də quşabənzər dromeozavrların fosil qeydlərində arxeopteriksdən daha sonra tapılmalarıdır.132
Hinçlifin bildirdiyi “zaman baxımından uyğunsuzluq” arxeopteriks haqqındakı təkamülçü iddialara ən öldürücü zərbəni endirən həqiqətlərdən biridir. Amerikalı bioloq Conatan Uells də 2000-ci ildə nəşr edilən “Təkamülün ikonaları” (Icons of evolution) adlı kitabında arxeopteriksin təkamül adına sanki “ikona”ya (müqəddəs simvol) çevrildiyini, əslində isə, dəlillərin bu canlının “quşların ibtidai əcdadı” olmadığını açıq şəkildə göstərdiyini vurğulayır. Uellsin fikrincə, bunun göstəricilərindən biri arxeopteriksin əcdadı kimi göstərilən teropod dinozavrların, əslində, arxeopteriksdən daha gənc olmalarıdır: “Yerdə qaçan ikiayaqlı dinozavrlar arxeopteriksin nəzəri əcdadlarından gözlənilən bəzi xüsusiyyətlərə malikdirlər, amma (fosil qeydlərində) arxeopteriksdən daha sonra üzə çıxırlar”.133
Bütün bunlar arxeopteriksin keçid forma olmadığını, sadəcə “dişli quşlar” adlandırılan başqa bir sinifə aid olduğunu göstərir. Bu canlını teropod dinozavrlarla əlaqələndirmək isə olduqca əsassızdır. Amerikalı bioloq Riçard L.Dim də ““Quşlar dinozavrdır” nəzəriyyəsinin sonu” (Demise of the “Birds are dinosaurs” theory) adlı məqaləsində quş-dinozavr təkamülü iddiası və arxeopteriks haqqında bunları yazır:
Son tədqiqatların nəticələri göstərir ki, teropod dinozavrların əlləri (qabaq qol sümüklərindəki) birinci, ikinci və üçüncü xanələrdən törəmişdir, amma quşların qanadları ikinci, üçüncü və dördüncü xanələrdən törəyirlər… “Quşlar dinozavrdır” nəzəriyyəsi ilə əlaqədar başqa problemlər də vardır. Teropodların qabaq ayaqları arxeopterikslə müqayisədə bədənlərinə görə çox kiçikdir. Bu canlıların ağır bədənlərini də düşündükdə bir cür “ön qanad” (proto-wing) inkişafı ehtimalı qeyri-mümkündür. Teropod dinozavrların çoxunda (quşlardakı) semilunatik bilək sümüyü yoxdur və arxeopteriksdə heç bir bənzəri olmayan bəzi bilək hissələri var. Bütün teropodlarda V1 sinirləri digər bəzi sinirlərlə birlikdə kəllə sümüyünün yan tərəfində qurtarır, quşlarda isə eyni sinirlər kəllə sümüyünü ön tərəfdəki xüsusi dəlikdən keçərək qurtarır. Başqa bir problem isə teropodların çox böyük qisminin arxeopteriksdən daha sonra ortaya çıxmalarıdır.134
İstinadlar
- L. D. Martin, J. D. Stewart, K. N. Whetstone, The Auk, cild 98, 1980, səh. 86. ↩
- L. D. Martin, J. D. Stewart, K. N. Whetstone, The Auk, cild 98, 1980, səh. 86; L. D. Martin “Origins of Higher Groups of Tetrapods”, Ithaca, New York: Comstock Publising Association, 1991, səh. 485, 540. ↩
- S. Tarsitano, M. K. Hecht, Zoological Journal of the Linnaean Society, cild 69, 1985, səh. 178; A. D. Walker, Geological Magazine, cild 177, 1980, səh. 595. ↩
- A. D. Walker, Piter Dodsonun məqaləsində qeyd olunduğu kimi: “International Archaeopteryx Conference”, Journal of Vertebrate Paleontology, cild 5(2):177, iyun 1985. ↩
- Richard Hinchliffe, “The Forward March of the Bird-Dinosaurs Halted?”, Science, cild 278, no. 5338, 24 oktyabr 1997 sayı, səh. 596-597. ↩
- Jonathan Wells, Icons of Evolution, Regnery Publishing, 2000, səh. 117. ↩
- Richard L. Deem, Demise of the ‘Birds are Dinosaurs’ Theory ↩
