Oxu müddəti: ~3 dəq.
Qulaqdakı sadələşdirilməz kompleks sistemin mənşəyi təkamülçülər tərəfindən əsla açıqlana bilməyən mövzudur. Təkamülçülərin bu mövzuda çox nadir hallarda irəli sürdükləri “nəzəriyyə”lərə baxdıqda təəccüblü dərəcədə bəsit və səthi məntiqlə qarşılaşırıq. Məsələn, alman bioloq Hoymar fon Ditfurtun “Əvvəl hidrogen var idi” (Im anfang war der wasserstoff) adlı kitabını türk dilinə tərcümə edən və mediadakı məqalələrilə “təkamül mütəxəssisi” statusunu qazanan Veysəl Atayman adlı yazıçı qulağın mənşəyi haqqındakı “elmi” nəzəriyyəsini və “dəlil”ini belə xülasə edir:
Eşitmə orqanımız olan qulağımız dərimiz adlandırdığımız endoderma və ekzoderma təbəqələrinin təkamülü nəticəsində əmələ gəlib. Hələ də bas səsləri qarnımızın dərisində hiss etməyimiz buna dəlildir!358
Yəni təkamülçü yazıçı Atayman qulağın bədənimizin digər hissələrindəki standart dəri təbəqələrindən təkamül yolu ilə törədiyini düşünür, bas səsləri dərimizdə hiss etməyimizi də bu fikrinə dəlil göstərir.
Əvvəlcə, Ataymanın “nəzəriyyə”sini, sonra da “dəlil”ini təhlil edək. Qulağın o qədər müxtəlif hissədən ibarət kompleks quruluşunu bir az əvvəl təhlil etdik. Bu quruluşun “dəri təbəqələrinin təkamülü” ilə meydana gəldiyini irəli sürmək, bir sözlə, xəyal qurmaqdır. Hansı mutasiya, təbii seçmə prosesi bu cür təkamülü mümkün edə bilər? Əvvəlcə qulağın hansı hissəsi əmələ gələcək? Bu təsadüf əsəri olan hissə heç bir funksiyası olmadığı halda, təbii seçmə vasitəsilə necə seçiləcək? Təsadüflər qulağın içindəki həssas mexaniki tarazlıqları, təbil pərdəsini, çəkic, zindan və üzəngi sümüklərini, onları tənzimləyən əzələləri, daxili qulağı, ilbizi, ilbizin içindəki mayeni, tükcükləri, hərəkətə həssas hüceyrələri, onların sinirlərlə rabitəsini və s. necə əmələ gətirəcəkdir?
Bu sualların heç birinin cavabı yoxdur. Əslində, bütün bu kompleks quruluşun “təsadüf” olduğunu irəli sürmək “insan ağılına təzyiqdir”. Maykl Dentonun ifadəsi ilə desək, ancaq bir darvinist bu fikri heç şübhə etmədən qəbul edər!359 Təkamülçülər, əslində, təbii seçmə, mutasiya mexanizmlərinin də fövqündə, ən kompleks yaradılışa malik sistemləri təsadüflərlə əmələ gətirən “sehirli çubuqlar”a inanırlar.
Ataymanın bu xəyali nəzəriyyəsinə verdiyi “dəlil” isə daha da maraqlıdır. “Bas səsləri dərimizdə hiss etməyimiz buna dəlildir”, -deyir. Səs dediyimiz anlayış, əslində, havada yayılan titrəyişlərdir. Titrəyiş fiziki təsir olduğuna görə, əlbəttə, toxunma hissimiz tərəfindən də hiss edilə bilər. Ona görə uca və bas səsi fiziki cəhətdən hiss etməyimiz olduqca normaldır. Habelə bu səslər cisimlərə də fiziki cəhətdən təsir edir. Çox güclü səs gücləndiricilərinin istifadə edildiyi bir otaqda pəncərə şüşələrinin qırılması buna dəlildir. Maraqlısı budur ki, təkamülçü yazıçı Atayman bunları “qulağın təkamülü”nə dəlil hesab edir. Atayman “qulaq səs titrəyişini hiss edir, dərimiz də bu titrəyişi hiss edir, deməli, qulaq dəridən təkamüllə törəmişdir” şəklində məntiq yeridir. Əgər Ataymanın məntiqi ilə düşünsək: “Qulaq səs titrəyişini hiss edir, pəncərə şüşəsi də bu titrəyişdən təsirlənir, deməli, qulaq pəncərə şüşəsindən təkamüllə törəmişdir”, -deyilə bilər. Ağlın hüdudlarını aşdıqdan sonra irəli sürülməyəcək “nəzəriyyə” yoxdur.
Təkamülçülərin qulağın mənşəyi ilə əlaqədar irəli sürdükləri digər ssenarilər də təəccüblü dərəcədə əsassızdır. Təkamülçülər insan da daxil olmaqla, bütün məməli canlıların sürünənlərdən təkamüllə törədiyini iddia edirlər. Ancaq sürünənlərin qulaq quruluşları ilə məməlilərin qulaq quruluşları, daha əvvəl də bildirdiyimiz kimi, çox fərqlidir. Bütün məməli canlılar bir az əvvəl bəhs etdiyimiz və üç sümükdən ibarət orta qulaq quruluşuna malikdirlər. Halbuki bütün sürünənlərin orta qulaqlarında ancaq bir sümük var. Təkamülçülər bu vəziyyət qarşısında sürünənlərin çənəsindəki dörd ayrı sümüyün təsadüfən yerini dəyişərək orta qulağa “keçdiyi”ni və yenə təsadüfən tam lazım olan formaya düşərək zindan və üzəngi sümüklərinə çevrildiyini iddia edirlər. Eyni ssenariyə əsasən, sürünənlərin orta qulağında mövcud olan tək sümük də formasını dəyişdirərək çəkic sümüyünə çevrilmiş və orta qulaqdakı üç sümük arasındakı olduqca həssas müvazinət təsadüfən təmin edilmişdir.360
Heç bir elmi tapıntıya, məsələn, fosil qeydinə əsaslanmayan bu xəyali iddia öz daxilində də olduqca ziddiyyətlidir. Bu cür təkamül canlını kar edər. Əlbəttə, çənə sümükləri yavaş-yavaş orta qulağın içinə girməyə başlayan bir canlı eşidə bilməz. Bu cür bir canlı da təkamülçülərin iddia etdikləri kimi digər canlılar arasında üstün olmayacağına görə, təbii seçmə ilə seçilməyəcəkdir.
Digər tərəfdən çənə sümükləri qulaqlarına doğru hərəkət edən bir canlının çənəsi də şikəst olar. Belə bir canlının çeynəmə qabiliyyəti də çox zəifləyər, hətta tamamilə yox olar. Bu da canlının aradan çıxması ilə nəticələnər.
Qısası, qulaqların quruluşunun və mənşəyinin təhlil edilməsi ilə ortaya çıxan nəticələr təkamülçü fərziyyələri açıq şəkildə əsassız edir. Təkamülçü mənbə olan “The Grolier Encyclopedia” bu vəziyyət qarşısında “qulaqların mənşəyi məsələsi qeyri-müəyyəndir” yazaraq etiraf edir.361 Bu, təkamül üçün qeyri-müəyyəndir. Əslində, qulaqdakı sistemi ağılla tədqiq edən hər kəs onun Allahın üstün yaratmasının dəlili olduğunu asanlıqla görə bilər.
İstinadlar
- Veysel Atayman, “Maddeci ‘Madde’, Evrimci Madde”, Evrensel, 13 iyun 1999. ↩
- Michael Denton, Evolution: A Theory in Crisis, London: Burnett Books, 1985, səh. 351. ↩
- Duane T. Gish, “The Mammal-like Reptiles”, Impact, no. 102, dekabr 1981. ↩
- “Ear, Evolution of the”, Grolier Electronic Publishing, Inc. Copyright 1995. ↩
