Oxu müddəti: ~3 dəq.

DARVİNİST NƏZƏRİYYƏNİ elmi kəşflər qarşısında sorğu-sual edərkən müraciət edilməli ən əsas mənbələrdən biri, şübhəsiz, Darvinin özünün qoyduğu meyarlardır. Darvin nəzəriyyəsini irəli sürərkən bu nəzəriyyənin necə təkzib ediləcəyinə dair bəzi konkret meyarlar da qoymuşdur. “Növlərin mənşəyi” kitabında bir çox yerdə “əgər nəzəriyyəm doğrudursa” deyə başlayan abzaslar var və Darvin bu abzaslarda nəzəriyyəsinin tələb etdiyi tapıntıları tərif edir.
Darvinin “əgər nəzəriyyəm doğrudursa” deyə başlayan sözügedən ölçülərinin əsas hissəsi fosillərlə və “keçid formalar”la bağlıdır. Darvinin bu yöndə olan fərziyyələrinin həqiqətə çevrilmədiyini, əksinə, fosil qeydlərinin darvinizmin tam əksi olan nəticə ortaya qoyduğunu əvvəlki bölmələrdə təhlil etdik.
Bununla belə, Darvin bizə nəzəriyyəsini yoxlamaq üçün çox mühüm başqa ölçü də vermişdir. Belə ki, bu ölçü Darvinin nəzəriyyəsini “tamamilə məhv edəcək” qədər konkretdir. Darvin belə yazmışdır:
Əgər bir-birini təqib edən çox sayda kiçik dəyişikliklə kompleks bir orqanın əmələ gəlməsinin qeyri-mümkün olduğu sübut edilsə, nəzəriyyəm bütünlüklə məhv olacaqdır. Amma mən belə bir hal görə bilmirəm.347
Darvinin burada nəyi nəzərdə tutduğunu araşdırmaq lazımdır. Məlum olduğu kimi, darvinizm canlıların mənşəyini iki şüursuz təbii mexanizm ilə açıqlayır: təbii seçmə və təsadüfi dəyişikliklər (yəni mutasiyalar). Darvinist nəzəriyyəyə əsasən, bu iki mexanizm canlı hüceyrəsinin kompleks quruluşunu, kompleks canlıların orqanizmlərini, gözlərini, qulaqlarını, qanadlarını, ağciyərlərini, yarasaların radarını və hələ milyonlarla kompleks dizayna malik sistemi meydana gətirmişdir.
Bəs necə olur ki, kompleks quruluşa malik olan bu sistemlər iki şüursuz təbii amilin məhsulu hesab edilir? Elə burada darvinizmin əl atdığı anlayış “sadələşdirilə bilən” anlayışıdır. Sözügedən sistemlərin daha bəsit hala sadələşdirildiyi və sonra da mərhələli şəkildə inkişaf etdikləri iddia edilir. Hər mərhələ canlıya daha artıq üstünlük verir, beləliklə, canlı təbii seçmə vasitəsilə seçilir. Daha sonra təsadüfən kiçik bir inkişaf da olacaq, bu da canlıya üstünlük qazandıracaq, canlı seçiləcək və bu proses davam edəcəkdir. Bu sayədə darvinizmin iddiasına görə, əvvəlcədən gözü olmayan canlı növü qüsursuz gözə sahib olacaq, əvvəl uça bilməyən başqa növ də qanadlanıb uça biləcəkdir.
Bu hekayə təkamülçü mənbələrdə çox inandırıcı və mümkün olan bir şey kimi danışılır. Halbuki bir az düşündükdə ortada çox böyük xəta olduğu görünür. Bu xətanın birinci tərəfi kitabın əvvəlki səhifələrində təhlil etdiyimiz mövzudur: mutasiyaların təkmilləşdirici deyil, məhvedici mexanizm olması. Yəni canlıların məruz qaldığı təsadüfi mutasiyaların bu canlılara “üstünlük” təmin etməsi, özü də bunu min dəfələrlə etməsi bütün elmi müşahidələrə zidd olan xəyaldır.
Lakin xətanın bir başqa çox mühüm cəhəti də var. Diqqət edilsə, darvinist nəzəriyyə bir nöqtədən başqa bir nöqtəyə (məsələn, qanadsız canlıdan qanadlı canlıya) doğru gedən mərhələlərin hamısının bir-bir “faydalı” olmasını tələb edir. A-dan Z-yə doğru gedən bu təkamül prosesində B, C, Ç, D…, U, Ü, V və Y kimi bütün “aralıq” mərhələlər canlıya mütləq üstünlük təmin etməlidir. Təbii seçmə və mutasiyanın şüurlu şəkildə əvvəlcədən hədəf müəyyən etməsi mümkün olmadığına görə, bütün nəzəriyyə canlı sistemlərinin üstünlük qazandıran kiçik mərhələlərə “sadələşdirilə biləcəyi” fərziyyəsinə əsaslanır.
Elə Darvin bu səbəbdən: “Əgər bir-birini izləyən çox sayda kiçik dəyişikliklə kompleks bir orqanın əmələ gəlməsinin qeyri-mümkün olduğu sübut edilsə, nəzəriyyəm tamamilə məhv olacaqdır”, -demişdir.
Darvin XIX əsrin ibtidai elmi səviyyəsi çərçivəsində canlıların sadələşdirilə bilən quruluşda olduqlarını düşünə bilər. Ancaq XX əsrin elmi kəşfləri, əslində, canlılardakı bir çox sistem və orqanın sadələşdirilməz olduğunu aşkar etmişdir. “Sadələşdirilməz komplekslik” adlanan bu fakt darvinizmi elə Darvinin narahat olduğu kimi, “bütünlüklə” məhv edir.
İstinadlar
- Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 189. ↩
