Maltusun nəzəriyyəsi bütün yanlışlıqlarına baxmayaraq, dövrün şərtlərində bəzi çevrələr tərəfindən qəbul edilmişdir. Və sonrakı əsri təsiri altına alan bəzi azğın ideologiya və cərəyanlara da əsas təşkil etmişdir. Bununla yanaşı, heç bir elmi dəlilə əsaslanmır və ziddiyyətlərlə doludur. Bunlardan bəziləri belədir:
Maltus kitabını yazdığı dövrlərdə əlində əhalinin artımı ilə əlaqədar istifadə edəcəyi heç bir məlumat yox idi. Çünki İngiltərədəki ilk milli siyahıyaalma işi 1801-ci ildə, yəni Maltus təcrübəsini yazdıqdan 3 il sonra aparılmışdı. Bundan başqa, Maltus 1801-ci ildə aparılan siyahıyaalmadan istifadə edə bilməzdi, çünki əhalinin artım nisbətini hesablamaq üçün əvvəlki illərə aid əhali sayına da ehtiyac var idi. Dolayısilə, əhalinin artım nisbətini təyin edə biləcəyi etibarlı statistikaya sahib deyildi. İddialarını tamamilə fərziyyələrə əsaslandırmışdı.
Maltus yemək qaynaqlarının artım sürətini hesablamaq üçün müəyyən məlumatlara da sahib deyildi. Nə qədər ərazinin əkildiyini, nə qədərindən hansı miqdarda məhsul götürüldüyünü hesablayacağı üsul o dövrdə yox idi. Bu mövzuda yalnız təxminlər etmişdi.
Maltusun qarşıya qoyduğu qayda öz içində ziddiyyətli idi. Maltus əhalinin həndəsi olaraq artdığını qarşıya qoymuşdu. O zaman heyvan və bitkilər də həndəsi olaraq artırdı ki, bilindiyi kimi, hər ikisi də insan həyatı üçün əsas təşkil edirlər. Praktikada nə insanlar, nə heyvanlar, nə də bitkilər həndəsi şəkildə çoxalmazlar. Artım nisbəti ətraf şərtlərə görə dəyişir. İnsan daxil olmaqla, bütün ekoloji sistem son dərəcə balanslı uyğunlaşma içindədir. Təbiətdəki nizam Maltus və Darvinin iddia etdiyi kimi, “ye və ya yem ol” şəklində yekunlaşdırılan, sözdə həyat mübarizəsi iddiasından son dərəcə uzaqdır.
Qısası, Maltusun ortaya atdığı iddialar heç bir elmi dəlilə əsaslanmır, tam əksinə, səhvləri və məntiqsizlikləri isbat edilmişdir. Darvin isə təkamül nəzəriyyəsini Maltusun yalnız bəzi fərziyyələrə əsaslanan, xəyali iddiaları üzərinə qurmuşdur.