Oxu müddəti: ~4 dəq.
Sürünənlər sinfi daxilindəki maraqlı bir canlı qrupu uçan sürünənlərdir. Bunlar təqribən 200 milyon il əvvəl Üst Trias dövründə ilk dəfə üzə çıxmış və daha sonra nəsli kəsilmiş canlı qrupudur. Bu canlılar sürünəndirlər, çünki sürünən sinfinin əsas xüsusiyyətlərini daşıyırlar: soyuqqanlı canlılardır (öz temperaturlarını özləri əmələ gətirmirlər) və bədənləri pulcuqlarla örtülüdür. Ancaq güclü qanadlara malikdirlər və bu qanadlar sayəsində uçduqları düşünülür.

Uçan sürünənlər bəzi məşhur təkamülçü KİV-lərdə darvinizmi dəstəkləyən paleontoloji tapıntı kimi göstərilir və ya insanlarda belə bir təsəvvür canlandırılır. Lakin əksinə, uçan sürünənlərin mənşəyi təkamül nəzəriyyəsi üçün ciddi problemdir. Bunun ən açıq göstəricisi də uçan sürünənlərin quruda yaşayan sürünənlərlə aralarında heç bir keçid forma olmadan bir anda və tam şəkildə ortaya çıxmalarıdır. Uçan sürünənlər qüsursuz şəkildə yaradılmış qanadlara malikdir və bu orqanlar heç bir quruda yaşayan sürünəndə yoxdur. “Yarımqanadlı” hər hansı bir canlıya isə fosil qeydlərində rast gəlinmir.
Belə ki, “yarımqanadlı” canlıların yaşaması da mümkün deyil. Çünki bu cür xəyali canlılar əgər yaşasaydılar, qabaq ayaqlarını itirdikləri, amma hələ uçacaq vəziyyətdə olmadıqları üçün digər sürünənlərə nisbətən əlverişsiz hala düşəcəkdilər. Belə olduqda isə təkamülün özünün qəbul etdiyi kimi, aradan çıxaraq nəsli kəsiləcəkdi.
Belə ki, uçan sürünənlərin qanadlarının quruluşu nəzərdən keçirildikdə onların əsla təkamüllə açıqlana bilməyəcək qədər qüsursuz yaradılışa malik olduğu görünür. Uçan sürünənlərin qanadları üzərində digər sürünənlərin qabaq ayaqları kimi beş dənə barmaqları var. Ancaq dördüncü barmaq digər barmaqlardan təxminən 20 dəfə uzundur və qanad da bu barmağın altında uzanır. Əgər uçan sürünənlər quruda yaşayan sürünənlərdən təkamül yolu ilə törəyiblərsə, onda sözügedən dördüncü barmaq da yavaş-yavaş, mərhələli şəkildə uzanmalıdır. Təkcə dördüncü barmaq deyil, bütün qanad quruluşu təsadüfi mutasiyalarla təkmilləşməli və bütün bu proses canlıya üstün xüsusiyyət qazandırmalıdır. Təkamül nəzəriyyəsinin paleontoloji səviyyədə qabaqcıl tənqidçilərindən biri olan Dueyn T.Giş bu barədə belə deyir:

Bir quruda yaşayan sürünənin mərhələli şəkildə uçan sürünənə çevrilməsi fərziyyəsi tamamilə əsassızdır. Belə bir çevrilmə əsnasında ortaya çıxacaq yarım, natamam quruluş canlıya üstünlük qazandırmaq yerinə onu tamamilə şikəst edəcəkdir. Məsələn, təkamülçülər bəzi mutasiyaların təkcə dördüncü barmağa təsir etdiyini və onu zamanla yavaş-yavaş uzatdığını fərz edirlər. Əlbəttə, digər bəzi təsadüfi mutasiyalar da nə qədər inanılmaz görünsə belə, bu istiqamətdə müştərək iş görərək qanad pərdəsinin, uçuş əzələlərinin, vətərlərin, sinirlərin, qan damarlarının və qanad üçün lazımlı digər formaların mərhələli şəkildə təkamüllə əmələ gəlməsini təmin etməlidirlər. Müəyyən bir mərhələdə təkmilləşməkdə olan bu uçan sürünən 25% qanad toxumasına malik olar. Ancaq bu qəribə məxluq heç cür yaşaya bilməz. 25% qanad toxuması ona nə üstünlük verə bilər? Aydındır ki, bu canlı uça bilməz və artıq əvvəlki kimi qaça da bilməz.100
Qısası, uçan sürünənlərin mənşəyinin darvinist təkamül mexanizmləri ilə açıqlanması qeyri-mümkündür. Belə ki, fosil qeydləri də belə bir təkamül prosesinin baş vermədiyini ortaya qoyur. Fosil təbəqələrində ancaq bu gün tanıdığımız kimi, quruda yaşayan sürünənlər və qüsursuz şəkildə uçan sürünənlər var. Heç bir keçid forma yoxdur. R.Kerroll təkamülçü olmasına baxmayaraq, bu məsələ ilə bağlı belə bir etiraf edir:
Trias dövründə üzə çıxan bütün uçan sürünənlər (pterozavrlar) uçuş üçün çox xüsusiləşmiş quruluşa malikdirlər… Əcdadlarının nə olduğu məsələsində və uçuşlarının mənşəyinin ilk mərhələləri haqqında isə heç bir tapıntı yoxdur.101
Kerroll daha sonra “Onurğalıların təkamül modelləri və prosesləri” (Patterns and processes of vertebrate evolution) adlı əsərində pterozavrları haqqında çox məlumat olmayan mühüm keçid növləri arasında sayır.102
Göründüyü kimi, uçan sürünənlərin təkamülə dəlil olan heç bir yönü yoxdur. Ancaq sürünən termini çox insan üçün sadəcə quruda yaşayan canlıları ifadə etdiyi üçün məşhur təkamülçü KİV-lər “uçan sürünən” anlayışı ilə “sürünənlərin qanadlanıb uçması” təsəvvürünü verməyə çalışırlar. Lakin əslində, quruda yaşayan sürünənlər ilə uçan sürünənlər aralarında heç bir təkamül xarakterli əlaqə olmadan yaranmışlar.

Beləliklə, sürünənlər sinfi daxilində yer alan müxtəlif canlılar aralarında təkamül xarakterli əlaqə olmadan yer üzündə ortaya çıxmışdır. Eyni vəziyyət sonrakı səhifələrdə görəcəyimiz kimi, məməlilər üçün də qüvvədədir. Uçan məməlilər var (yarasa) və dəniz məməliləri vardır (delfinlər və balinalar). Bu fərqli siniflər isə təkamülə dəlil deyil, əksinə, təkamül üçün açıqlana bilməyən böyük problemdir. Çünki bütün fərqli siniflər aralarında heç bir keçid forma olmadan və tamamilə fərqli quruluşlarıyla yer üzündə ani surətdə üzə çıxmışlar.
Bu isə bütün bu canlıların yaradıldıqlarının çox açıq elmi sübutudur.
