Oxu müddəti: ~2 dəq.
Canlılar bioloqlar tərəfindən təsnif olunurlar. “Taksonomiya” və ya “sistematika” adlanan bu təsnifatın tarixi Linney kimi tanınan XVIII əsrin isveçli elm xadimi Karl fon Linneyə qədər gedib çıxır. Linneyin tərtib etdiyi təsnifat sistemi dövrümüzə qədər təkmilləşdirilərək davam etmişdir.
Bu təsnifatda iyerarxik kateqoriyalar var. Canlılar əvvəlcə “aləm”lərə ayrılırlar, bitkilər və ya heyvanlar aləmi kimi. Sonra bu aləmlər öz daxilində tiplərə (və ya şöbələrə) bölünür. Tiplər də alt qruplara ayrılır. Təsnifat yuxarıdan aşağıya doğru belədir:
- Aləm (Kingdom)
- Tip/şöbə (Phylum)
- Sinif (Class)
- Dəstə/sıra (Order)
- Fəsilə (Family)
- Cins (Genus)
- Növ (Species)
Bu gün bioloqların əksəriyyəti beş (və ya altı) ayrı aləm olduğunu qəbul edir. Bitkilər və heyvanlardan başqa, göbələklər, Protista (fitoplanktonlar və amöb kimi hüceyrə nüvəsi olan təkhüceyrəlilər) və Monera (bakteriyalar kimi hüceyrə nüvəsi olmayan təkhüceyrəlilər) hər biri ayrı aləm hesab edilir. Bəzən bakteriyalar eubakteriya və arxeobakteriya adlanan iki yarımqrupa ayrılırlar, bəzən də eubakteriya, arxeobakteriya və eukariot şəklində üç aləmə bölünürlər. Bu aləmlərin ən mühümü, şübhəsiz, heyvanlar aləmidir. Heyvanlar aləminin öz daxilindəki ən böyük təsnifat isə əvvəldə də bildirdiyimiz kimi, müxtəlif tiplərdir. Bu tiplər müəyyən edilərkən hər birinin tamamilə fərqli bədən quruluşlarına malik olduqları nəzərə alınmışdır. Məsələn, artropodlar (həşəratlar, hörümçəklər və digər buğumayaqlılar) ayrıca bir tipdir və tipə daxil edilən bütün canlılar, əsasən, bənzər bədən quruluşuna malikdirlər. Chordata (xordalılar) adlandırılan tip isə notoxord (rüşeymin arxa tərəfində onurğanı təşkil edən hüceyrə yığınının əmələ gətirdiyi uzun xorda) və ya əsasən, onurğaya malik olan canlıları əhatə edir. Bizim üçün tanış olan balıqlar, quşlar, sürünənlər, məməlilər kimi onurğaya malik olan heyvanların hamısı xordalıların yarımtipi olan onurğalılar kateqoriyasına daxildir.
Təqribən 35 fərqli canlı tipi arasında osminoqlar kimi yumşaqbədənli canlıları əhatə edən molyuskalar tipi və ya sap qurdların daxil olduğu Nematoda tipi kimi çox fərqli kateqoriyalar var. Bu kateqoriyaların ən mühüm xüsusiyyəti isə əvvəldə də bildirdiyimiz kimi, tamamilə fərqli bədən quruluşlarına malik olmalarıdır. Tiplərin yarımkateqoriyaları, əsasən, bənzər bədən quruluşlarına malikdir, amma tiplər bir-birlərindən çox fərqlidir.
Bioloji təsnifat haqqındakı bu ümumi məlumatdan sonra indi də bu tiplərin necə və nə zaman yer üzündə üzə çıxdıqları sualına cavab verək.
