Oxu müddəti: ~4 dəq.
İngiltərədə yevgenika vəhşiliyinin öndəri Darvinin daha əvvəl də bəhs etdiyimiz qohumu F.Qalton idi. Darvinin oğlu Leonard Darvin də yevgenika azğınlığının İngiltərədəki müdafiəçilərindən və tətbiqçilərindən idi. Bundan başqa, Uinston Çörçil də yevgenika hərəkatına dəstək verənlərin arasında idi.108
Qalton “güclü olan həyatda qalır” qanununa tabe olmağı və yalnız ən güclü insanların dünyada qalmağına izn verilməsinin lazım olduğunu iddia etmişdi. Qaltonun bu elm və məntiq xarici tezisinə görə, insan insanın sözdə təkamülünü idarə edə biləcək və hətta daha üstün bir irq meydana gətirə biləcək mövqedə idi. Qalton yüksək sinfin və yüksək irqin üstünlüyü kimi yanlış fikirlərə inandığını açıq şəkildə ifadə etməkdən çəkinmirdi. Digər tərəfdən zənci irqinin aşağı zəka səviyyəsinə sahib olduğunu da iddia etmiş və belə demişdir:
… Zəncilər arasında yarım ağıllı kimi adlandırmağımız gərəkənlərin sayı olduqca çoxdur. Amerikada zənci kölələrdən bəhs edən hər kitab bunun nümunələri ilə doludur. Mən də Afrikaya etdiyim səyahətlər əsnasında gördüyüm bu həqiqət qarşısında çox təsirlənmişdim. Zəncilərin özləri ilə əlaqədar mövzularda etdikləri səhvlər o qədər uşaq kimi, axmaq və sadə idi ki, öz növümdən utanmağıma səbəb oldu.109
Bəzi it cinslərinin bəzi insan irqlərinə nisbətən daha yuxarı zəka səviyyəsinə sahib olduğu110 yalanını müdafiə edəcək qədər irəli gedən Qalton zənci və kölələri qiymətləndirərkən çox açıq bir həqiqəti görməzlikdən gəlmişdi; kölələrlə əlaqədar kitabların bir çoxu kölə sahibləri tərəfindən yazılmışdı. Bundan başqa, kölələr özlərinə tamamilə yad bir cəmiyyətdə, heç bilmədikləri mədəniyyətdə yaşamağa başladıqları üçün bir çox davranış və hərəkəti yadırğamaları son dərəcə təbii idi. Afrikanın bir kəndinə yaşamağa gedən hər hansı bir avropalının da onların həyat şəkillərinə və mədəniyyətlərinə uyğunlaşmağa çalışarkən oxşar hərəkətlərə yol verməsi aydındır.
Daha önəmlisi, Qaltonun zəncilər və ya digər ölkələrə köç edən öz vətəndaşları üçün irəli sürdüyü iddialar heç bir elmi əsasa sahib deyildi. Bunlar dövrün primitiv şərtləri içində materialist dünyagörüşü ilə beyinləri yuyulan bəzi sözdə elm adamlarının və mütəfəkkirlərin xəyali fərziyyələrinə əsaslanaraq meydana gətirilmişdir.
Qaltonun ön mühakiməli və əsassız tezisləri bunlarla da məhdudlaşmırdı. Məsələn, sosial inkişafın reallaşması üçün zəkası və intellektual səviyyəsi aşağı olanların çoxalmalarının dayandırılması və digərlərinin çoxalmalarının təşviq edilməsinin lazım olduğunu da qarşıya qoymuşdu. Əks halda, sosial pozuntunun baş verəcəyini iddia edirdi. Halbuki, əsl sosial pozuntunun Qalton və bənzərlərinin ortaya qoyduqları qətliamlara, qarşıdurmalara və şiddətə əsaslanan həyat modelinin tətbiq edilməsi ilə yaşanacağı məlumdur. Qalton 1907-ci ildə Haksli Universitetində bir konfrans əsnasında: “Millətimizin beyinləri yuxarı səviyyəli siniflərimizdəki insanların arasında var“, – deyə iddia etmişdi.111 Qalton ayrıca, yuxarı sinfə aid uşaqların doğum əsnasında təyin olunmalarını və ailələrinə bu uşaqlar üçün 1000 funt ödənməsini təklif etdi. Yuxarı sinfin qadınlarına öz istəklərindən xaric bir oğlan və bir qız doğmalarını təklif etdi.112
Qaltonun özünə görə yuxarı sinif olaraq gördüyü insanların sayca çoxalmasının cəmiyyəti inkişaf etdirəcəyinə inanması ağıl və məntiqə zidd olan bir düşüncədir. Üstəlik, elmi də deyil. Bir cəmiyyəti inkişaf etdirən bir çox ünsür vardır. Amma bunların ən əhəmiyyətlisi cəmiyyəti meydana gətirən fərdlərin əxlaqı və xarakterləridir. Gözəl əxlaqa, güclü xarakterə sahib fərdlərdən ibarət olan cəmiyyətin inkişafı sürətli və davamlı olar. Bu xüsusiyyətlərin irsi olaraq fərddən fərdə köçürülməsi isə mümkün deyil. İçində yaşadığı cəmiyyətin, həqiqətən, irəliləməsini istəyən insanın önə çəkməli olduğu əsl mövzu müxtəlif mədəni və elmi proqramlarla fərdlərin mənəvi cəhətdən güclənməsini təmin etmək olmalıdır. Qalton və bənzərlərinin təsirli olduqları ölkələrdə insanlara sanki heyvan rəftarı etməklə zənginləri çoxaldıb kasıbları azaltmaq istəmələri, bunun üçün cinayəti belə qanuniləşdirməyə çalışmaları həm böyük zülm, həm də tərifi mümkün olmayan cəhalətdir.
Buna baxmayaraq, Qaltonun yönləndirilməsi ilə İngiltərədə yevgenika hərəkatının ilk fəaliyyəti doğuma nəzarətdə olmuşdur. Bu, yalnız təkamül nəzəriyyəsinin yanılmalarına inananlar tərəfindən sözdə aşağı insanlar kimi görülən kasıb xalqı və yenə özlərinə görə aşağı irqdən insanları hədəf alan bir işdir.
1920-ci və 30-cu illərdə kasıb xalqın sayının davamlı artdığını, orta və yüksək sinfə məxsus əhalinin artımının azaldığını və bunun böyük təhlükə olduğu düşünürdülər. Məsələn, C.Haksli 1925-ci ildə “Nature” jurnalında belə yazmışdı:
İstənilənlərin nisbəti azalarkən istənilməyənlərin nisbəti artır. Bu vəziyyət ələ alınmalıdır.113
Yevgenistlərə görə, istənilənlərlə istənilməyənlərin arasındakı tarazlığı qorumaq üçün atılan ilk addım sözdə irqi gigiyena olmalı idi. İrqi gigiyena üçün əvvəlcə kimlərin istənilən, kimlərin istənilməyən olduğunu təyin etmək lazım idi. Bu seçimi etmək üçün olduqca sadə və ağıla sığmaz yollara əl atılırdı. Məsələn, İngiltərə və ABŞ-da insanların başları ölçülməyə başlandı. Qaltonun öndərliyi ilə başlanan kampaniyalarla insanların başlarının böyüklüyü ölçülür, buna görə sözdə zəkaları təyin olunurdu. Ancaq baş ölçülərinin zəka ilə birbaşa əlaqəsinin olmadığı elm tərəfindən sonradan ortaya qoyulacaqdı.
Baş ölçmələrindən sonra zəka testlərindən istifadə edilməyə başlandı. Zəka testlərinin nəticələrinə görə, insanların sonsuzlaşdırılmasına, həyatı boyu nəzarətdə və idarə altında saxlanmasına qərar verildi. Ancaq növbəti illərdə istifadə edilən zəka testlərinin etibarlı nəticələr vermədiyi aydın oldu. Bundan başqa, bu test nəticələri qiymətləndirilərkən insanların yetişdiyi çevrənin şərtləri, aldığı təhsil kimi amillər heç nəzərə alınmır, yalnız o kəslərin irsi olaraq ağıllı olub-olmadığı nəticəsi əldə edilirdi. Bunlar, əsaslı olmayan, dövrün elmi cəhalətini əks etdirən qiymətləndirmələr idi. Onsuz da məqsəd, əslində, əsaslı nəticələr əldə etmək deyil, müəyyən şəkildə istənilməyən kütləni, yəni kasıbları, xəstələri və aşağı görülən irqləri ortadan qaldırmaq və ya təcrid etmək idi.
İstinadlar
- Allan Chase, The Legacy of Malthus, Chicago:University of Illinois Press, 1980, s.136). ↩
- Francis Galton, Hereditary Genius: An Inquiry into its Laws and Consequences, London:Macmillan, 1892, s. 330 ↩
- Joseph L. Graves Jr., The Emperor’s New Clothes, Rutgers Universtiy Press, 2001, s. 96 ↩
- Joseph L. Graves Jr., The Emperor’s New Clothes, Rutgers Universtiy Press, 2001, s. 98 ↩
- Joseph L. Graves Jr., The Emperor’s New Clothes, Rutgers Universtiy Press, 2001, s. 98 ↩
- Nature, 116 (1925), s. 456 ↩
