Oxu müddəti: ~3 dəq.
Darvinizmin materialist çevrələr tərəfindən böyük qərarlılıqla müdafiə olunmasının ən əhəmiyyətli səbəbi darvinizmin ateist yönüdür.
Ateizm qədim dövrlərdən bəri mövcud olmuşdur. Ancaq darvinizmlə yanaşı, ateistlər əsrlərlə cavab verə bilmədikləri “canlılar və insan necə mövcud oldu” sualına sözdə elmi cavab tapdıqlarını zənn etdilər. Kainatdakı nizam və tarazlığın təsadüflərin nəticəsi olduğunu önə sürür, kainatda heç bir məqsədin olmadığını iddia edirdilər. Halbuki, bu görüşlərin hamısı 20-ci əsrdəki elmi, siyasi və ictimai inkişaflarla alt-üst oldu. Astronomiyadan biologiyaya, psixologiyadan ictimai əxlaqa qədər bir çox fərqli sahədə olan tapıntı, təsbit və nəticələr təkamül nəzəriyyəsinin tezislərini və ateizmin bütün fərziyyələrini təməlindən çökdürdü.
Darvinizmin qaçılmaz şəkildə ateizmlə nəticələndiyini bir çox təkamülçü və materialist də qəbul edir. Bunu ilk dəfə açıq şəkildə Tomas Haksli ifadə etmiş, bir insanın təkamül nəzəriyyəsini tamamilə qəbul etdiyində dinə inanmayacağını söyləmişdi.
Kornell Universitetində tarix professoru olan Uilyam Provayn, eyni zamanda, təkamülçüdür. Provayn təkamül nəzəriyyəsinə inanan birisinin həyat görüşünün dinlə tamamilə ziddiyyət təşkil etdiyini açıqlayır.161
“American Association for the Advancement of Atheism”in (Ateizmin İnkişafı üçün Amerikan Birliyi) rəhbəri Ç.Smit: “Təkamül ateizmdir”, – deməklə eyni həqiqəti qəbul edir.162
Berkli Universiteti professorlarından F.Conson təkamül nəzəriyyəsinin ateist və din əxlaqına uyğun olmayan fikir cərəyanları üçün daşıdığı əhəmiyyəti belə açıqlayır:
… Darvinizmin qəbul edilməsi Allahın varlığının inkar edilməsi mənasını verirdi və nəticədə, Allahın vəhyinə söykənən dinin yerinə təkamüli naturalizmə (materializmə) əsaslanan azğın bir inanc yaradıldı. Bu azğın inanc yalnız elmin deyil, hökumətlərin, hüququn və əxlaqın da təməl inancını meydana gətirdi və modernizmin təməl fəlsəfəsi sayıldı.163
Consonun ifadə etdiyi kimi, darvinizm və materializmə kor-koranə inanan bir çox elm adamı elmi özlərinə görə Allahı inkar vasitəsi kimi istifadə etməyi ən əhəmiyyətli hədəf təyin etmişlər. Halbuki, elm Allahın varlığının dəlillərini insanlara göstərən qiymətli bir vasitədir. Bunun ən əhəmiyyətli göstəricilərindən biri, xüsusilə son iyirmi il içində elm dünyasında yaradılış həqiqətini müdafiə edən elm adamlarının sayında artımın olmasıdır. Aparılan hər araşdırma, tədqiqat və tapıntı, əldə edilən hər yeni məlumat bütün kainatda son dərəcə həssas və bir o qədər də qüsursuz tarazlığın varlığını göstərir, kainatın üstün və uca ağılın əsəri olduğunu ortaya qoyur. Bu ağıl hər cür əskiklik və nöqsanlıqdan münəzzəh, üstün qüdrət sahibi uca Allahdır.
Molekulyar bioloq M.Denton darvinizmin dinsizliyi gətirdiyini və insanın özünə baxış yönündə böyük təxribata səbəb olduğunu belə açıqlayır:
Darvinist nəzəriyyə insanın Allahla əlaqəsini qopardığına görə və onu məqsədi və sonu olmayan kainatın içində başıboş buraxdığına görə, təsiri bu qədər dərin olmuşdur. Dövrümüzdə insanların insanlığa baxış yönlərinə və kainatdakı yerlərinə bu qədər dərindən və mənfi istiqamətdə təsir edən başqa bir fikir yoxdur.
Darvinin yeni və inqilabçı (eyni zamanda, ağıl və elmdən kənar) düşüncəsi dünya həyatındakı bütün müxtəlifliyin (insanların əvvəllər inandığı kimi, Allahın yaratmasının deyil) təbii və təsadüfi proseslərin nəticəsində meydana gəldiyini önə sürür. (Allahı tənzih edirik.) Bu yanlış iddianın qəbulu… Qərb cəmiyyətinin dinsizləşdirilməsində qəti rol oynamışdır…164
Cəmiyyətlərin Allaha olan inanclarının itməsi və ya zəifləməsi o cəmiyyətlər üçün ən böyük mənəvi müsibətdir. Allah qorxusu olmayan, ölümdən sonra gerçək sonsuz həyata qovuşacağını, dünyada etdiklərinə görə cənnət və ya cəhənnəmlə qarşılıq görəcəyini inkar edən insanlar olduqca təhlükəli, etibarsız, təcavüzkar, cinayətə meyilli, mərhəmətsiz və mənfəətpərəst olurlar. Allahdan qorxmayan insan heç bir mövzuda sərhəd tanımaz. Qanunlara görə cəzalandırılmayacağını və ya müəyyən şəkildə belə cəzalardan xilas olacağını düşündüyü müddət boyu istənilən əxlaqsızlığı və qanunsuzluğu edə bilər, cəmiyyətdə hər cür narahatlığa səbəb ola bilər, insanları aldada və onlara zərər verə bilər və bunlara bənzər bir çox zülmü edə bilər.
Allah qorxusu və Allah sevgisi insanların gözəl əxlaqla yaşamasına, Allahın razı olacağı şəkildə davranmasına səbəb olur. Bu, həm cəmiyyətin inkişafına vasitə olur, həm də onu gücləndirir. Əksinə olduqda isə qarşıdurmalar, müharibə və döyüşlər, mərhəmətsizliklər, ədalətsizliklər davam edər.
Allah insanlara yaxşılığı, gözəlliyi, ədaləti, dürüstlüyü və nizamı əmr edir. Allah Quranda belə buyurur:
Mədyən tayfasına da qardaşları Şueybi göndərdik. (Şueyb) onlara belə dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Artıq sizə Rəbbinizdən aşkar bir dəlil gəldi. Ölçüdə və tərəzidə düz olun. Adamların mallarının dəyərini azaltmayın. Yer üzü düzələndən sonra orada fitnə-fəsad törətməyin. Əgər siz möminsinizsə, bu, sizin üçün xeyirlidir! (Əraf surəsi, 85)
Hər yolun başında əyləşib Allaha iman gətirənləri qorxudaraq Onun yolundan döndərməyin, onu əymək istəməyin. Xatırlayın ki, bir zaman siz çox az idiniz, amma (Allah) sizi çoxaltdı. Bir görün fitnə-fəsad törədənlərin axırı necə oldu! (Əraf surəsi, 86)
İstinadlar
- William Provine, “Evolution and the Foundation of Ethics”, MBL Science, (A Publication of Marine Biological Laboratory at Woods Hole, Massachusetts), vol. 3, no. 1, s. 25-29; The Scientist, 5 Eylül 1988 ↩
- H. Epoch, Evolution or Creation, (1988), s. 148-149 ↩
- Phillip E. Johnson, Defeating Darwinism, Intervarsity Press, 1997, s.99 ↩
- http://www.trufax.org/avoid/manifold.html ↩
