Oxu müddəti: ~2 dəq.
Homologiya iddiasını təkzib edən kəşf “homoloji” qəbul edilən orqanların, demək olar ki, hamısının çox fərqli genetik şifrələr tərəfindən tənzimlənməsidir. Məlum olduğu kimi, təkamül nəzəriyyəsi canlıların genlərdə əmələ gələn təsadüfi və kiçik dəyişikliklərlə, yəni mutasiyalarla inkişaf etdiyini irəli sürür. Ona görə bir-birlərinin yaxın təkamül qohumları hesab edilən canlıların genetik quruluşları da oxşar olmalıdır. Xüsusilə də oxşar orqanları bir-birinə yaxın gen quruluşu tərəfindən tənzimlənməlidir. Halbuki genetik tədqiqatlar bu təkamülçü tezislə tamamilə ziddiyyət təşkil edən faktlar ortaya qoymuşdur.
Oxşar orqanlar, əsasən, çox fərqli genetik kodlar (DNT şifrələri) tərəfindən müəyyən edilir. Bununla bərabər, fərqli canlıların DNT-lərindəki oxşar genetik kodlar da çox fərqli orqanlara uyğun gəlir. Maykl Denton “Təkamül: böhran içində nəzəriyyə” (Evolution: A theory in crisis) adlı kitabının “Homologiya iddiasının uğursuzluğu” (The failure of homology) başlıqlı bölməsində bu mövzuya dair bir çox nümunə verir və mövzunu belə xülasə edir:
Homoloji formalar, əsasən, homoloji olmayan genetik sistemlər tərəfindən müəyyən edilir və homologiya məfhumuna çox nadir şəkildə embriologiyada rast gəlinir.286
Bu genetik problem məşhur təkamülçü bioloq Gevin de Beyer tərəfindən də dilə gətirilmişdir. De Beyer 1971-ci ildə nəşr olunmuş “Homologiya: həll edilməmiş problem” (Homology: An unsolved problem) adlı kitabında bu mövzunu çox ətraflı təhlil etmiş və homologiyanın təkamül nəzəriyyəsi baxımından nə üçün problem olduğunu belə xülasə etmişdir:
Eyni genlər tərəfindən tənzimlənmədikləri halda, homoloji orqanların, yəni eyni formaların ortaya çıxmaları hansı mexanizm nəticəsində ola bilər? Bu sualı 1938-ci ildə də verdim və hələ də cavablandırılmayıb.287
De Beyerin bu sözləri söyləməsindən təqribən 30 il keçməsinə baxmayaraq, sual hələ də cavabsızdır.
Homologiya iddiasını təkzib edən üçüncü dəlil isə əvvəldə də bildirdiyimiz embrioloji inkişafdır. Homologiya məsələsindəki təkamülçü tezisin əsaslı hesab edilə bilməsi üçün oxşar orqanların embrioloji inkişaf prosesləri, yəni yumurtadakı və ya ana bətnindəki inkişaf mərhələləri də paralel olmalıdır. Halbuki oxşar orqanların embrioloji inkişaf prosesi hər canlıda bir-birindən fərqlidir. Bioloq Pere Alberk də bu mövzu ilə bağlı belə deyir:
Homoloji orqanların tamamilə fərqli başlanğıc formalarından əmələ gəldikləri istisnadan çox bir qanundur.288
Oxşar orqanların bir-birinə heç bənzəməyən proseslər nəticəsində əmələ gəlməsinə inkişaf dövrünün son mərhələlərində də çox rast gəlinir. Məlum olduğu kimi, bir çox heyvan növü yetkinləşməyə doğru gedən yolda “dolayı inkişaf” adlanan bir prosesdən, yəni sürfə mərhələsindən keçir. Məsələn, bir çox qurbağa həyata üzən sürfələr kimi başlayır və metamorfozun ən son dövründə dördayaqlı heyvana çevrilir. Bununla belə, sürfə dövründən keçməyən və birbaşa inkişaf edən bir çox qurbağa növü də var. Ancaq birbaşa inkişaf edən sözügedən qurbağa növlərinin çoxunun yetkinləri sürfə mərhələsindən keçərək inkişaf edən digər qurbağa növlərindən, demək olar ki, heç ayırd edilmirlər. Eyni hadisəyə dəniz kirpilərində və digər bəzi buna bənzər növlərdə də rast gəlinir.289
Qısaca desək, genetik və embrioloji tədqiqatlar Darvinin “canlıların bir ortaq əcdaddan təkamül yolu ilə törədiklərinin dəlili” kimi tərif etdiyi homologiya anlayışının, əslində, heç cür bu tərifə dəlil olmadığını göstərir. Homologiya səthi baxdıqda “inandırıcı” görünən, amma hərtərəfli tədqiq edildikdə əsassızlığı açıq şəkildə üzə çıxan təkamülçü xətadır.
İstinadlar
- Michael Denton, Evolution: A Theory in Crisis, Burnett Books, London, 1985, səh. 145. ↩
- Gavin De Beer, Homology: An Unsolved Problem, London: Oxford University Press, 1971, səh. 16. ↩
- Pere Alberch, “Problems with the Interpretation of Developmental Sequences”, Systematic Zoology, cild 34(1):46-58, 1985. ↩
- Raff, Rudolf A, The Shape of Life: Genes, Development and the Evolution of Animal Form, Chicago(1996): The University of Chicago Press. ↩
