Həyatın Mənşəyi

Darvin-Hitler koalisiyasının nəticəsi: 40 milyon ölü

Giriş

Oxu müddəti: ~9 dəq.

SOSİAL DARVİNİZM haqqında bura kimi izah edilənlərdən sonra dünya tarixinin ən böyük soyqırımlarından birinin memarı olan və tarixə ən amansız və zalım hökumətlərdən biri olaraq keçən nasistlərin də sosial darvinizmə möhkəm bağlı olduqlarını demək təəccüblü deyil.

Hitlerin və nasist ideoloqlarının yazıları, nitq mətnləri və digər sənədlər araşdırıldığında onların irqçi, təcavüzkar və döyüşçü siyasətlərini darvinizmin üzərinə qurduqları açıq şəkildə görünər.

Hitlerin eyni heyvan yetişdirənlər kimi insan soyunu islah edəcəyini zənn etməsi, aryan irqini “kirlətdiyini” düşündüyü irqlərin, irsi xəstəliyi olanların və zəiflərin yox edilmələrinin lazım olduğunu iddia etməsi, milyonlarla insanın qətlini mərhəmətsiz şəkildə əmr etməsi onun insanları heyvan kimi gördüyünün və darvinizmə olan bağlılığının dəlillərindən bir neçəsidir. Nasist soyqırımından sağ qurtulanlardan biri Aleksandr Kimel “Nasist terroru” başlıqlı məqaləsində sosial darvinizm və nasizm əlaqəsini vurğulayır və sosial darvinizmə inanan nasistlərin insanlara necə acımadan heyvani rəftar etdiklərini belə açıqlayır:

Nasizm sosial darvinizmi qəbul edərək insanları heyvanlarla bərabər hala gətirdi, əllərindəki fərdi seçim azadlığını, özləri üçün düşünə bilmək qabiliyyətini aldı. Mərhəmətsizlik, terror, yalan və insanın insan tərəfindən amansız istismar edilməsi bir davranış normasına çevrildi. Əgər insanları heyvanlar kimi eyni təbii seleksiya qanunları idarə edirsə, insanın şüurundakı ilahi qığılcım götürüldüyündə insanlarla heyvan kimi davranıla bilər: süni şəkildə çoxaldıla bilər və mal-heyvan kimi rəftar görə bilərlər. Məsələn, müharibə və müharibənin laqeyd idarəsi böyük itkilər gətirmişdi. Hitler vəziyyəti itkilərin qarşısını almaqla deyil, artırma metodlarını inkişaf etdirməklə düzəltməyə çalışırdı. Auşvitsdə (nasist həkim) Mengele əkizlər üzərində onları öldürməklə, kəsib doğramaqla artım üsullarının necə inkişaf etdiriləcəyinə, alman qadınlarının doğum məhsuldarlığının necə iki qat artırıla biləcəyinə dair “elmi” təcrübələr apardı. Almanlar törəyən heyvanlar kimi görüldü, S.S. onların çobanları və Fürer də tərbiyəçi sahibləri idi. Almanlar mükafat qazanmış heyvanlar, digər xalqlar sıravi heyvanlar və yəhudilər isə zərərli böcəklər kimi qəbul edilmiş və elə rəftar görmüşlər…84

Nasistlərin əsrlər boyu nümunəsi görünməmiş bir soyqırım reallaşdırmaqda əsaslandıqları azğın dünyagörüşü bu idi. Hitlerin müdafiə etdiyi “üstün irq” yalanı bioloji “növ”ün içində yer alan qrupların bərabərsizliyi yalanına əsaslanırdı. Yəni Hitlerə və tərəfdarlarına görə, bəzi növlər təkamüldə inkişaf etmiş, amma bu növlərin içindəki bəzi fərd və ya qruplar geri qalmışdılar. İrqçiliyin zəminini meydana gətirən bu yanlış iddia Darvinin nəzəriyyəsinin ən fundamental nöqtələrindən biri idi. Professor Karl A.Şloynes Auşvits haqqındakı kitabında Darvinin nəzəriyyəsinin irqçiliyə sözdə elmi dəstək verdiyini belə qəbul edir:

Darvinin həyatda qalma mübarizəsi fikri irqçilərin üstün və aşağı insan və millət anlayışını haqlı göstərdi və bunların arasındakı mübarizəni təsdiqlədi.85

Təkamülçü alimlər tam olaraq nasistlərin istədiyi kimi nəzəri haşiyə cızırdılar. Məsələn, heyvan davranış elminin qurucusu sayılan təkamülçü Konrad Lorens irqlərin təmizlənməsini bioloji quruluşlarla müqayisə edib belə deyirdi:

Eyni xərçəngdə olduğu kimi, ən yaxşı müalicə parazitlərin kökünü ən qısa müddətdə kəsməkdir. Həmişə cəmiyyət üçün problem olan aşağı millətlərin mənfi sosial təsirlərinə qarşı yevgenika qorunma üsullarının tətbiq olunması zəruridir… Bu aşağı ünsürlər (sağlam) bir cəmiyyətin içindən təsirli şəkildə ayırd edilmədiklərində (eynilə bəd xassəli şişin hüceyrələrinin bütün insan bədənində sürətlə çoxalmasına izn verilməsi kimi) həm özlərini, həm də onları saxlayan bünyəni yox edərlər.86

Fərqli irqləri və ya cəmiyyətdəki zəif, möhtac insanları bir növ xərçəng kimi görmək və onları amansızca təmizləməyi istəmək açıqlanması mümkün olmayan vəhşilikdir. Nasist ideoloqlar bu vəhşiliyi darvinizmin yalanlarını qarşıya qoymaqla sözdə elm maskası altında gizlətməyə çalışmışlar. “İrq və kral” adlı kitabın yazıçısı C.Tenenbaum nasist siyasətlərinin darvinizmlə necə formalaşdığını belə bildirir:

Mübarizə, seleksiya və ən uyğun olanın həyatda qalması… Bütün bu anlayış və müşahidələr Darvin tərəfindən ortaya atıldı. Ancaq daha əvvəl də 19-cu əsr alman sosial fəlsəfəsində bu anlayışlar qəbul edilməyə başlanmışdı… Bunun bir nəticəsi kimi almanların üstün irq olduqları inancına əsaslanan bütün dünyaya hakim olma doktrinası inkişaf etdi. Bu doktrina, eyni zamanda, Almaniya dövləti ilə zəif millətlərin arasındakı “çəkic və zindan” əlaqəsinə əsaslandırılmışdı.87

Tenenbaum nasistlərin siyasi sistemlərini heç bir əskiklik olmadan tamamilə darvinizmə görə təyin etdiklərini açıqladıqdan sonra belə davam edir:

Siyasi lüğətləri torpaq, mübarizə, seleksiya və nəslin tükənməsi kimi sözlərlə dolu idi. Məntiqlərinin qiyası açıq şəkildə belə ifadə edilmişdi: dünya fərqli millətlərin torpaq üçün mübarizə apardığı balta girməmiş bir meşədir. Daha güclü olan qazanır, daha zəif olan ölür və ya öldürülür…88

Hitler 1933-cü ildə Nürnberq mitinqində üstün irqlərin aşağı irqləri idarə etdiyini, bunun təbiətdə görünən haqq olduğunu və yeganə məntiqli haqq olduğunu irəli sürərkən bunu təbiətin qanunu kimi gördüyünü iddia edirdi.89 Amma, əlbəttə, bu iddiası ilə tarixin ən böyük yalanlarından birini müdafiə edirdi.

Hitlerin “Millətin taleyi haqqında” başlıqlı nitqindəki sözləri də darvinist görüşlərinin bir xülasəsidir:

Həyatın ən fundamental motivasiya amilləri arasında öz-özünü mühafizə və gələcək nəsillərin qorunması yer alır. Siyasət insanların həyatda qala bilmək üçün apardıqları mübarizədən başqa bir şey deyil. Bu şiddətli yaşamaq arzusu dünya miqyaslıdır və bütün milləti yönləndirir. Yaşamaq istəyi qarşıdurmaya aparmalıdır, çünki bu istək təmin edilə bilməməklə yanaşı, eyni vaxtda, həyatın təməlidir. Yaşanan sahə məhduddur. Buna görə, insaniyyətdən çox mərhəmətsizlik həyatda əsasdır! İnsan ixtilaflar və davam edən mübarizə nəticəsində dünyanın sahibi olmuşdur. Bu, insanlığın deyil, güc və hakimiyyəti qazanan qüvvənin üstünlüyüdür. İrqlər arasında fərqliliklər vardır. Dünya mədəniyyətini seçmə sinifdən (elitalardan) almışdır. Bu gün nə görürüksə, hamısı aryanların işlərinin və müvəffəqiyyətlərinin bir nəticəsidir. Ancaq hər irqin içində nəticəyə aparan əsl amil yetişdirməyi bacardığı əhəmiyyətli şəxsiyyətlərdir. İnsanlığın şəklini demokratik çoxluqlar deyil, əhəmiyyətli şəxsiyyətlər təyin etmişdir.90

Hitlerin hədyanlarının açıq göründüyü bu azğın fikirlər o dövrdə bir çoxlarını təsiri altına almışdı. Cəhalətin də təsiri ilə on minlərlə insan Hitlerin xəyal məhsulu olan bu fərziyyələrin təqibçisi oldu. Daha əvvəl də vurğuladığımız kimi, cəmiyyətləri inkişaf etdirən qarşıdurma meyilliliyi və ya həyatda qala bilmək üçün aparılan mərhəmətsiz mübarizə deyil. Hər cəmiyyət daha zəngin və gözəl həyat üçün cəhd göstərər, amma bu cəhdin müvəffəqiyyətə çatması söz mövzusu cəmiyyətin mənəvi və əxlaqi dəyərlərə olan bağlılığı ilə düz mütənasibdir. Başqalarını yox etməyə çalışmaq, bitmək bilməyən şiddət və təcavüzkarlıq həmişə bütün tərəflərə müsibət gətirər. İrqlər arasındakı fiziki və ya mədəni fərqliliklər isə bunların birini digərinə üstün edən xüsusiyyətlər deyil. Tam əksinə, bu fərqliliklər sülh və təhlükəsizliyin hakim olduğu mühitlərdə mədəni zənginliyi təmin edən qiymətli ünsürlərdir.

Din əxlaqı da bu fərqlilikləri mədəni zənginliyə çevirməyi zəruri edir. Allah insanlara istənilən şərtlərdə bağışlayıcı olmağı, ədalətdən əsla ayrılmamağı, digər insanlara şəfqət və mərhəmətlə yanaşmağı əmr etmişdir. İman edənlər Allahın fərqli irqlər və millətlər yaratmasının bir çox hikmətinin olduğunu bilər, qardaşlıq və həmrəylik ruhu ilə hərəkət edərlər. İnsanları irqlərinə görə təsnif etməyə çalışmaq, mənsub olduğu irq səbəbi ilə (heç bir haqlı səbəbi olmamağına baxmayaraq) öyünüb qürurlanmaq isə iman etməyənlərin və şərik qoşanların xüsusiyyətləridir. Bir ayədə inkar edənlərin öz soylarını kinlə qorumaq həvəsləri bu şəkildə bildirilir:

Kafirlər öz ürəklərində cahiliyyə təkəbbürü təəssübünə qapıldıqları zaman… (Fəth surəsi, 26)

Hitler isə ruhi problemlərinin də təsiri ilə bu azğın fikirlərini müdafiə etməyə davam etmiş, Darvinin nəzəriyyəsinin öz fikirləri ilə bu dərəcə paralel olmasını batil fikirlərini yaymaq üçün sözdə yaxşı bir vasitə kimi görmüşdür. Hitlerin darvinizmə olan bağlılığı hələ 1925-ci ildə nəşr olunan “Mənim mübarizəm” adlı kitabında görünür. Məsələn, kitabının 4-cü hissəsində darvinizmin müvəffəqiyyətli Almaniya üçün yeganə təməl olduğunu ifadə etmişdir. “Darvin: əvvəl və sonra” kitabının yazıçısı Klark Hitlerin darvinizmə olan bağlılığından belə bəhs edir:

Təkamülçü fikirlər (olduqca açıq bir şəkildə) “Mənim mübarizəm”in ən pis hissələrinin və (Hitlerin) xalqa nitqinin qaynağıdır. Hitler üstün irqin həmişə aşağı irqə üstün gələcəyi nəticəsinə gəlmişdir.91

“Nasist Almaniyasının öldüyü gün” adlı kitabın yazıçısı B.Uaylder-Smiz nasist doktrinasının təməl ünsürünün nə olduğunu belə açıqlayır:

Nasist nəzəriyyəsinin və doktrinasının ən əhəmiyyətli prinsiplərindən biri… təkamül nəzəriyyəsinin (və) …bütün biologiyanın yuxarıya doğru təkmilləşdiyi və daha az inkişaf etmiş növlərin fəal şəkildə kökünün kəsilməsinin lazım olduğu (və) …təbii seleksiyaya kömək edilə biləcəyi və edilməsinin lazım olduğudur… buna görə, (nasistlər) “az inkişaf etmiş” olaraq qiymətləndirdikləri yəhudiləri və… qaraları yox etmək üçün siyasi qanunları tətbiq etməyə başladılar…92

Professor C.C.Steyn “American scientist” jurnalındakı “Bioloji elm və nasizmin kökləri” başlıqlı yazısında Hitlerin sosial darvinist fikirləri haqqında belə yazır:

… Alman sosial darvinizmi Almaniyanın hər yerində məşhur şəkildə bilinir və qəbul edilir, bundan daha əhəmiyyətlisi, elm adamları da daxil olmaqla, əksər alman tərəfindən elmi baxımdan doğru olduğu düşünülürdü. Daha yaxın zamanlarda millətçi sosializm və Hitler üzərinə aparılan akademik işlər bu həqiqətin fərqində olmağa başladı… (Darvinin nəzəriyyəsini tətbiq etməyi) nasizmin ən diqqəti cəlb edən xüsusiyyəti idi. Millətçi sosializm “bio-siyasi”… radikal bərabərsizliyə dair mistik-bioloji bir siyasətdir; var olmaq üçün sonsuz mübarizəyə əsaslanır, ən uyğun olanın həyatda qalmasını təbiət qanunu olaraq qəbul edir və təbii seleksiyanı cəmiyyət siyasətinə çevirmək üçün dövlət gücündən istifadə edir…93

Professor Steyn yazısında alman sosial darvinizminin təməlində insanın heyvandan fərqli canlı olmadığı iddiasının olduğunu ifadə edir və belə deyir:

Alman sosial darvinizminin ana xətləri ilə xülasəsi belə idi… insan üstün və ya insani xüsusiyyətlərə sahib deyildi və yalnız təbiətin bir parçası idi. Digər tərəfdən almanlar bioloji baxımdan daha üstün bir birliyin üzvləri idilər… Siyasət biologiya qanunlarının sadə tətbiqi idi. Əslində, Hekkel və tərəfdarları olan sosial darvinistlər millətçi sosializmin təməl fərziyyələri halını alan fikirləri inkişaf etdirdilər… Dövlətin təşkilat olaraq işi yevgenika və süni seleksiya idi…94

Steynin yazısında açıq şəkildə ifadə etdiyi millətçi sosialistlərin bu yanılmaları onlarla ölkənin qatılmaq məcburiyyətində qaldığı dünya müharibəsinə zəmin hazırladı. Darvinin xəyal məhsulu nəzəriyyələrinin dəstəyi ilə inkişaf edib güc tapan nasizm dünya tarixində bənzəri az olan bir fəlakətin memarı oldu. Bu, elə böyük bir fəlakət idi ki, milyonlarla insan həyatını itirdi, şəhərlər xəritələrdən silindi. Ən böyük zərəri isə nasist ideoloqların təbliğatlarında daha çox güc qazanacağını və inkişaf edəcəyini iddia etdikləri alman cəmiyyəti gördü. Qarşıdurmanın, müharibənin, mərhəmətsizliyin, digər millətləri yox etməyə cəhd etməyin bir milləti qətiyyən inkişaf etdirməyəcəyi yenə görülmüş oldu.

Hitler isə yaşadığı müddətdə nasistlərin özlərinə və digər insanlara dünyagörüşünü vurğulayan “Biz nasistlər… barbarıq. Barbar olmaq istəyirik. Bu, şərəfli bir ünvandır və bununla dünyanı gəncləşdirəcəyik”95 sözləri ilə yanılmalarından heç imtina etmədi.

Ser Artur Kitin ifadəsi ilə təkamülçü olan Hitler Almaniyanın idarəediciliyini təkamül nəzəriyyəsinə uyğunlaşdırmaq üçün şüurlu şəkildə çalışmışdı.96 Kit, bundan başqa, təkamül nəzəriyyəsi, Hitler və müharibə üçbucağı haqqında bunları deyir:

Əgər müharibə təkamülün uşağıdırsa, (və belə olduğuna inanıram) bu vəziyyətdə təkamül “dəli olmuş” və qəbilələrin, millətlərin və fərqli irqlərin bir-birləri ilə rəqabətlərində elə mərhəmətsiz olmuşdur ki, inkişafa mane olacaq rol oynamışdır. Təkamüli qanunların insan təbiətinə zorla qəbul etdirdiyi sanksiyalardan onu qurtarmaq xaricində müharibədən xilas olmağın heç bir yolu yoxdur.97

Peter Hofman “Hitlerin şəxsi təhlükəsizliyi” adlı kitabında Hitlerin darvinist fikirləri haqqında belə deyir:

Hitler mübarizəyə hər insanı digərlərinə üstün gəlmək üçün çalışmağa məcbur edən darvinçi bir prinsip olaraq inandı; mübarizə olmadan pozular və yox olardılar… 1945-ci ilin aprel ayındakı məğlubiyyətində belə Hitler güclünün həyatda qalmasına olan inancını dilə gətirdi və slavyanların daha güclü olduqlarını isbat etdiklərini eşitdirdi.98

Qısası, bir çox tarixçi və tədqiqatçının fikirlərindən aydın olduğu kimi, eyni zamanda, Hitlerin yazılarında və nitqlərində də açıq şəkildə göründüyü kimi, nasizm darvinizmdən güc və qaynaq tapmışdı. Hitler və digər nasist öndərlər bir çox sözdə elmi dəlildən istifadə edib bütün şəxsi dəlilik, mərhəmətsizlik və zalımlıqlarını darvinizmə əsaslandırıb özlərinə görə qanuniləşdirmişdilər. Əslində, belə bir ideologiya və psixologiyanı inkişaf etdirmələrinə səbəb olan mədəni mühit də böyük ölçüdə sosial darvinizmin izlərini daşıyırdı. Növbəti səhifələrdə vurğulayacağımız kimi, E.Hekkel kimi qatı darvinistlərin əli ilə Almaniyaya girən sosial darvinizm 20-ci əsrin birinci yarısında bütün alman cəmiyyətinə dərindən təsir etmiş, degenerasiya etmiş və nasizmə qapılmalarına səbəb olan ən əhəmiyyətli zehni təməli meydana gətirmişdi.

İstinadlar

  1. http://www.kimel.net/terror.html ↩
  2. Karl A. Schleunes, The Twisted Road to Auschwitz, University of Illinois Press, Urbana, Illinois, 1970. s.30-32 ↩
  3. A. Chase, The Legacy of Malthus; The Social Costs of the New Scientific Racism, Alfred Knopf, New York, 1980, s. 349 ↩
  4. Arthur Keith, Evolution and Ethics, G.P. Putnam’s Sons, New York, 1946, s. 230 ↩
  5. The Nuremberg Trials, Vol. 14, U.S. Government Printing Office, Washington, D.C., s. 279 ↩
  6. J. Tenenbaum, Race and Reich, Twayne Pub., New York, 1956, s. 211 ↩
  7. Adolf Hitler, Um das Schicksal der Nation’, in B. Dusik (ed.), Hitler. Reden Schriften Anordnungen. Februar 1925 bis Januar 1933, vol. 2(2), Munich, 1992, Doc 245. ↩
  8. Robert Clark, Darwin: Before and After, Grand Rapids International Press, Grand Rapids, MI, 1958, s. 115 ↩
  9. Beate Wilder-Smith, The Day Nazi Germany Died, Master Books, San Diego, CA, 1982, s. 27 ↩
  10. George J. Stein, “Biological science and the roots of Nazism”, American Scientist 76(1):50–58, 1988, s.51 ↩
  11. George J. Stein, “Biological science and the roots of Nazism”, American Scientist 76(1):50–58, 1988, s. 56 ↩
  12. Rauschning, H., The Revolution of Nihilism, Alliance Book Corp., New York, 1939 ↩
  13. Arthur Keith, Evolution and Ethics, G.P. Putnam’s Sons, New York, 1946, s. 230 ↩
  14. Arthur Keith, Evolution and Ethics, G.P. Putnam’s Sons, New York, 1946, s. 105 ↩
  15. Peter Hoffman, Hitler’s Personal Security, London, Pergamon Press, 1979, s. 264 ↩