Həyatın Mənşəyi

Molekulyar biologiya və həyatın mənşəyi

Təbiətdə sınama-yanılma mexanizmi yoxdur

Oxu müddəti: ~3 dəq.

Nəticə olaraq bura qədər bəzi nümunələrini sadaladığımız ehtimal hesablamalarının əsas məntiqilə əlaqədar çox mühüm cəhəti qeyd etmək lazımdır: yuxarıda hesabladığımız ehtimallar zülalların təsadüfən əmələ gəlməsinin qeyri-mümkün olduğunu göstərir. Ancaq hadisənin daha mühüm və təkamül nəzəriyyəsi baxımından içindən çıxılmaz tərəfi də var: əslində, təbiətdə bu ehtimalların sınama prosesi belə başlaya bilməz. Çünki təbiətdə sınama və yanılma yolu ilə zülal hazırlamağa çalışan mexanizm yoxdur.

500 aminturşudan ibarət bir zülalın əmələ gəlmə ehtimalını göstərmək üçün verdiyimiz hesablamalar sadəcə ideal (gerçək həyatda baş verməyən) sınama və yanılma mühiti üçün qüvvədədir. Yəni şüurlu bir gücün təsadüfən 500 aminturşunu birləşdirməsi, sonra bunun səhv olduğunu görüb hamısını tək-tək ayırması, daha sonra ikinci dəfə fərqli ardıcıllıqla düzməsi ilə yararlı zülalın əldə edilmə ehtimalı 10950-də 1-dir. Hər sınamada aminturşular tək-tək ayrılıb yeni ardıcıllıqla düzülməlidir. Bundan başqa, hər sınamada 500-cü aminturşu da əlavə edildikdən sonra zülal hazırlanması dayandırılmalı və tək bir artıq aminturşunun qarışmasının qarşısı alınmalı, zülalın əmələ gəlib-gəlmədiyinə baxılmalı, əmələ gəlmədikdə hamısı ayrılıb yeni bir ardıcıllıq sınanmalıdır. Habelə hər sınama əsnasında araya başqa heç bir yad kimyəvi maddə də qarışmamalıdır. Sınama zamanı əmələ gələn zəncirin 500 halqaya çatmadan parçalanmaması da şərtdir. Yəni əvvəldən bəri bəhs etdiyimiz ehtimallar əvvəlini, sonunu və hər mərhələsini şüurlu bir gücün idarə etdiyi, ancaq “aminturşuların seçilməsi”nin təsadüflərə həvalə edildiyi tənzimlənən mexanizmlə baş verir. Təbii amillərin bu cür xüsusiyyətlərə malik olması mümkün deyil. Ona görə təbii mühitdə bir zülalın əmələ gəlməsi tamamilə qeyri-mümkündür.

Bu mövzuları hərtərəfli dəyərləndirməyən və səthi yanaşan şəxslər zülalın əmələ gəlməsini sadə kimyəvi reaksiya kimi düşündükləri üçün “aminturşular reaksiya nəticəsində birləşib zülal əmələ gətirir” kimi həqiqətdən kənar məntiq irəli sürürlər. Halbuki cansız təbiətdə təsadüfən baş verən kimyəvi reaksiyalar ancaq sadə birləşmələr əmələ gətirirlər. Onların say və növü də müəyyən və məhduddur. Daha kompleks kimyəvi maddə əldə etmək üçün böyük fabriklər, kimyəvi müəssisələr, laboratoriyalar lazımdır. Dərmanlar, gündəlik həyatda istifadə etdiyimiz bir çox kimyəvi maddə elə bu növdəndir. Zülallar isə sənayedə istehsal edilən bu kimyəvi maddələrdən daha kompleks quruluşa malikdir. Ona görə hər hissəsinin yerli-yerində və planlı şəkildə yerləşməsi lazım gələn mexaniki dizayn və mühəndislik möcüzəsi olan zülalların təsadüfi kimyəvi reaksiyalar nəticəsində əmələ gəlməsi əsla mümkün deyil.

Yuxarıda bəhs etdiyimiz bütün imkansızlıqları bir anlıq bir kənara qoyub yenə də yararlı zülal molekulunun “təsadüfən” öz-özünə əmələ gəldiyini fərz edək. Ancaq bu zaman da təkamül nəzəriyyəsi bir daha çıxılmaz vəziyyətə düşür. Çünki bu zülal məhv olmamaq üçün dərhal mövcud olduğu təbii mühitdən izolyasiya edilib çox xüsusi şərtlərdə qorunmalıdır. Əks təqdirdə bu zülal yer üzündəki amillərin təsiri ilə dərhal parçalanar və ya başqa turşular, aminturşular və ya digər kimyəvi maddələrlə birləşərək xüsusiyyətini itirər, yararsız, tamamilə başqa maddəyə çevrilər.

Diqqət edilsə, bura qədər nəzərdən keçirdiyimiz mövzu ancaq bir zülalın təsadüfən əmələ gəlməsinin qeyri-mümkün olması ilə bağlıdır. Halbuki təkcə insan bədənində təqribən 100.000 fərqli növdə zülal funksiya yerinə yetirir. Habelə məlum olan 1,5 milyon canlı növü var və hələ on milyon qədərinin mövcud olduğu hesab edilir. Bir çox zülal müxtəlif həyat şəraitində istifadə edilsə də, bütün bitki və heyvan aləmində 100 milyon və ya daha çox zülal növü var. Bu günə qədər nəsli kəsilmiş milyonlarla növ isə bu hesaba daxil deyil. Yəni yer üzündə yüz milyonlarla fərqli zülal şifrəsi mövcud olmuşdur. Bir zülalın təsadüflərlə açıqlana bilmədiyi nəzərə alınsa, yüz milyonlarla fərqli zülal şifrəsinin nə məna ifadə etdiyi başa düşülər.

Bu həqiqəti nəzərə aldıqda yer üzündəki canlıların necə mövcud olduğu sualının cavabının “təsadüflər” olmadığı açıq şəkildə görünür.