Həyatın Mənşəyi

Molekulyar biologiya və həyatın mənşəyi

Miller təcrübəsi

Oxu müddəti: ~2 dəq.

Həyatın mənşəyi ilə bağlı təkamülçü mənbələrin ən çox etibar etdikləri tədqiqat isə 1953-cü ildə amerikalı tədqiqatçı Stenli Miller tərəfindən keçirilən Miller eksperimentidir. (Təcrübə Millerin Çikaqo Universitetindəki müəllimi Harold Yurinin köməyinə görə “Yuri-Miller eksperimenti” kimi də tanınır). Təkamül prosesinin ilk mərhələsi kimi irəli sürülən “kimyəvi təkamül” tezisinə “dəlil” kimi irəli sürülən yeganə cəhd elə bu təcrübədir. Aradan təxminən yarım əsr keçməsinə və böyük texnoloji irəliləyişlər əldə edilməsinə baxmayaraq, bu məsələdə heç bir yeni cəhd edilməmişdir. Bu gün hələ də dərsliklərdə canlıların ilk dəfə əmələ gəlməsinin təkamül baxımından açıqlaması kimi Miller eksperimenti öyrədilir. Çünki bu cür səylərin nəzəriyyələrini dəstəkləmədiyini, əksinə daima təkzib etdiyini anlayan təkamül tədqiqatçıları buna bənzər təcrübələrə əl atmaqdan xüsusilə çəkinirlər.

Stenli Millerin məqsədi milyard illər əvvəlki cansız dünyada zülalların tərkib hissələri olan aminturşuların “təsadüfən” əmələ gəldiklərini göstərən təcrübi dəlil ortaya qoymaq idi. Miller təcrübəsində ibtidai dünya atmosferində mövcud olduğunu fərz edilən (daha sonralar isə mövcud olmadığı məlum olan) ammonyak, metan, hidrogen və su buxarından ibarət qaz qarışığından istifadə etdi. Bu qazlar təbii şərtlər daxilində bir-biri ilə reaksiyaya girmədiklərinə görə təcrübəyə kənardan enerji müdaxiləsi edildi. İbtidai atmosfer mühitində ildırımlardan əmələ gəldiyi düşünülən enerjini süni elektrik mənbəyi vasitəsilə təmin etdi.

Miller bu qaz qarışığını bir həftə boyu 100°C temperaturda qaynatdı, bir tərəfdən də qarışığa elektrik axını verdi. Həftənin sonunda Miller sınaq şüşəsinin dibindəki qarışıqda əmələ gələn kimyəvi maddələri ölçdü və zülalların tərkib hissələrini təşkil edən 20 növ aminturşudan üçünün sintezləndiyini müşahidə etdi.

Təcrübə təkamülçü dairələrdə böyük sevinc yaratdı və çox böyük uğur kimi təqdim edildi. Hətta müxtəlif KİV-lər hadisədən məst olaraq “Miller həyatı yaratdı” başlığı altında fərziyyələr dərc etdilər. Lakin Millerin sintezlədiyi ancaq “cansız” molekullar idi.

Bu təcrübədən topladıqları cəsarətlə təkamülçülər dərhal yeni ssenarilər uydurdular. Aminturşulardan sonrakı mərhələlər də dərhal uyduruldu. Ssenariyə əsasən, aminturşular daha sonra təsadüflər nəticəsində uyğun ardıcıllıqda birləşmiş və zülalları əmələ gətirmişdilər. Təsadüf nəticəsində meydana gələn bu zülalların bəziləri də özlərini nə cürsə (!) əmələ gəlmiş hüceyrə qılafına bənzər formaların içinə yerləşdirərək hüceyrəni meydana gətirmişdilər. Hüceyrələr də zaman ərzində yan-yana gəlib birləşərək canlı orqanizmləri əmələ gətirmişdilər.

Halbuki bu ssenarinin ən böyük əsası olan Miller eksperimenti hər cəhətdən əsassızlığı sübut edilmiş bir cəhddən başqa bir şey deyildi.