Həyatın Mənşəyielmi araşdırmalar

Genetika və molekulyar biologiya

Həyatın 3 qatlı şifrəsi

Mənbə: Nature, Cell, Molecular Cell və digər elmi jurnallarOxu müddəti: ~5 dəq.

DNT-nin ikiqat sarmal quruluşu

1953-cü ildəki bir kəşf həyat haqqında bildiyimizi zənn etdiyimiz hər şeyi dəyişdirdi. Elm dünyası DNT-nin canlılığın şifrəsi olduğunu elan etdi. O gündən bəri dərsliklərdə həmişə eyni cümləni oxuduq: DNT bir kod daşıyır və bu kod zülalları istehsal edir. Lakin son illərdəki yüksək dəqiqlikli analizlər, genom xəritələri və 3D modelləşdirmələr təəccüblü bir həqiqəti də ortaya çıxardı: zərif sarmal quruluşdakı bu molekul yalnız tək bir kod daşımır. Eyni ardıcıllıqlar, eyni hərflər, eyni sətirlər ikinci və üçüncü kodları da gizləyir. Yəni DNT ardıcıllıqları tək bir işi görmür, eyni anda fərqli işləri bir arada yerinə yetirir.

Ardı-ardına edilən yeni tədqiqatlar göstərir ki, DNT yalnız genetik ardıcıllıqdan ibarət deyil; üst-üstə qoyulmuş, eyni anda üç fərqli kod qatı daşıyan bir informasiya bankıdır:

  1. Birinci qat — zülal kodlayan əsas şifrə;
  2. İkinci qat — bu şifrənin nə vaxt, harada və necə oxunacağını tənzimləyən idarəedici kod;
  3. Üçüncü qat — bütün genomun üçölçülü olaraq necə formalaşacağını müəyyən edən memarlıq kodu.

Siz hal-hazırda bu sətirləri oxuyarkən, bədəninizi təşkil edən təxminən 30 trilyon hüceyrənizdəki saysız-hesabsız proseslər tam da belə bir möcüzə ilə həyata keçir. Həm də hər biri digərindən asılı, yəni digərini tamamlayan, qüsursuz bir ahənglə işləyən bir sistem daxilində. Bu üç qat birlikdə işləmədikcə, tək bir zülal belə istehsal edilə bilmir, tək bir hüceyrə belə var ola bilmir.

DNT-nin birinci qatı ən yaxşı bildiyimiz qatdır: A, T, C, G hərflərindən ibarət genetik əlifba. Qısaca, bu hərflər üçlü sözləri (kodonları) yaradır; bu sözlər amin turşularını müəyyən edir, amin turşuları bir araya gələrək zülalları əmələ gətirir; zülallar isə əzələlərimizi, hormonlarımızı, fermentlərimizi, immunitet hüceyrələrimizi, hətta düşünməyimizi təmin edən sinir şəbəkələrimizi meydana gətirir. DNT-dəki qeydə alınmış məlumat o qədər möhtəşəmdir ki, hər bir hüceyrənin nüvəsində bir milyon səhifəlik ensiklopediyanın ehtiva edə biləcəyi miqdarda məlumat kodlaşdırılmışdır. Tək bir hərf xətası belə zülallara təsir edə bilər; hüceyrənin bütün funksiyasını poza, xərçəng kimi insan üçün çox ağır nəticələrə gətirib çıxara bilər. Lakin daha da heyrətamiz olanı, həyatın məlumat bankının bununla məhdudlaşmamasıdır.

DNT-nin işləməsindəki mükəmməl nizam

Son illərdə kəşf edilən ikinci kodda DNT-nin necə işləyəcəyini müəyyən edən üst səviyyəli nəzarət təlimatları yer alır. Bu qat canlılığın bir növ “idarəetmə paneli” kimi çalışır. Təfərrüata varsaq:

İdarəedici kod: genlərin nə vaxt, harada və hansı sürətlə dövrəyə girəcəyini müəyyən edən görünməz bir nəzarət sistemi… İlk növbədə, bir genin yalnız var olması kifayət deyil; o, doğru hüceyrədə, doğru anda və doğru miqdarda açılmalıdır. Bu kod trilyonlarla hüceyrəni tək bir orkestr kimi ahənglə idarə edən dirijora bənzəyir; hər hüceyrə tam vaxtında dövrəyə girir.

İkiməqsədli kodonlar: bəzi kodonlar eyni anda iki mesaj daşıyır; həm bir amin turşusunu müəyyən edir, həm də tənzimləyici siqnal rolunu oynayır. Yəni tək bir sətrə iki məna yerləşdirilmiş qeyri-adi bir dizayn söz mövzusudur. Bu ikifunksiyalı quruluş DNT-dəki məlumatın nə qədər sıx, qənaətli və təbəqəli kodlaşdırıldığını göstərir.

Epigenetik kod: bunu DNT-nin üzərinə həkk olunan, lakin hərfləri dəyişdirməyən bir üst şifrə kimi düşünmək olar. Bu kimyəvi işarələr sayəsində genlərin davranışı tamamilə dəyişə bilər. “Hansı gen açılacaq? Hansı bağlanacaq? Hansı hüceyrə hansı xüsusiyyəti qazanacaq? Hansı zülal nə qədər istehsal olunacaq?” kimi həyati qərarlar bu üst kod tərəfindən müəyyən edilir. Bu sistem canlının ətraf mühitə və ehtiyaclarına uyğun olaraq anında və dəqiq tənzimləmə apara bilməsini təmin edən mükəmməl bir nəzarət paneli rolunu oynayır.

DNT sarmalları — rəqəmsal təsvir

Üçüncü kod isə son 10 ilin ən böyük kəşflərindən biridir: canlılığın şifrəsinin üçölçülü olaraq necə qatlanacağını, hansı genlərin bir-birinə yaxın duracağını və nüvə daxilində hansı bölgələrə yerləşəcəyini müəyyən edən memarlıq kodu. Bu qat birinci və ikinci koddan ayrıca, üçüncü bir informasiya səviyyəsi kimi işləyir. Çünki DNT ardıcıllığı eyni qalsa, epigenetik işarələr də eyni qalsa, hətta genlər də eyni olsa belə, yalnız genomun 3D forması dəyişərsə, hər şey dəyişər.

Başqa sözlə, DNT-nin oriqami kimi qatlanan quruluşu memarlıq koduna əsasən formalaşır. Hüceyrə nüvəsinin içi bir basketbol topu ölçüsündə olsaydı, DNT bir saç teli incəliyində, kilometrlərlə uzunluqda nəhəng bir ip kimi olardı. Memarlıq kodu məhz bu qeyri-adi quruluşun nüvənin daxilinə xətasız şəkildə qatlanaraq yerləşdirilməsini təmin edir və DNT ardıcıllığını yenidən mənalandırır.

DNT bənzərsiz quruluşu ilə Rəbbimizin sonsuz qüdrətinin sübutlarındandır

DNT sarmalının atom modeli

Nəticə etibarilə, hər yeni kəşflə həyatın proqram təminatı haqqındakı biliklərimiz insan ağlını heyran edəcək səviyyəyə çatmışdır. Bu vəziyyət müasir genetikanın ən böyük etiraflarından birini də özü ilə gətirmişdir: “DNT zənn etdiyimizdən qat-qat mürəkkəbdir.”

Bəzi elm adamları uzun müddət DNT-nin bütün məntiqini çözdüklərini düşünmüşdülər. Hətta bir çox tədqiqatçı genomu adi bir kompüter proqramı kimi görmüş və “bu sistemin geridə qalan hissəsi ehtimal ki, zibil və faydasız ardıcıllıqlardan ibarətdir” fikrinə düşmüşdü. Halbuki 21-ci əsrdə genetik təlimat kitabının sətirarası boşluqlarında çox daha dərin bir nizamın olduğu aydın şəkildə anlaşıldı və o məşhur “junk DNA” (“zibil”, yəni yararsız DNT) iddiası elm tarixinin böyük yanılmaları arasında yerini aldı. Yararsız olan DNT deyil, təkamülçülərin ibtidai ideologiyalarını inandırıcı etmək üçün uydurduqları “zibil DNT” bənzətməsi idi.

DNT molekulu üç təbəqəli memarlığı ilə qüsursuz ahəng içində işləyən möhtəşəm bir sistemdir. Bu sistem təsadüfi, zərərli və dağıdıcı mutasiyalarla yaranması qeyri-mümkün olacaq qədər mükəmməl bir dizayna; xəta qəbul etməyəcək qədər həssas və mürəkkəb bir quruluşa; fövqəladə səviyyədə optimallaşdırılmış dizayn bütövlüyünə malikdir. Bu həqiqət isə canlıların üstün elm və qüdrət sahibi olan Rəbbimiz tərəfindən yaradıldığını açıq şəkildə göstərən sübutlardan yalnız biridir.

Mənbələr

  1. ENCODE Project Consortium. Expanded encyclopaedias of DNA elements in the human and mouse genomes. Nature, 583, 699–710 (2020).
  2. Buitrago, D., Labrador, M., Arcon, J. P., et al. Impact of DNA methylation on 3D genome structure. Nature Communications, 12, 3243 (2021).
  3. Sefer, E. ProbC: joint modeling of epigenome and transcriptome effects in 3D genome. BMC Genomics, 23, 388 (2022).
  4. Willemin, A., Szabó, D. & Pombo, A. Epigenetic regulatory layers in the 3D nucleus. Molecular Cell, 84(3), 415–428 (2024).
  5. Razin, S. V., Ulianov, S. V. & Iarovaia, O. V. Enhancer Function in the 3D Genome. Genes, 14(6), 1277 (2023).
  6. Strom, A. R. & Brangwynne, C. P. The liquid nucleome – phase transitions in the nucleus at a glance. Journal of Cell Science, 132(22), jcs235093 (2019).
  7. Dekker, J. & Mirny, L. A. The 3D genome as moderator of chromosomal communication. Cell, 164(6), 1110–1121 (2016).