Həyatın Mənşəyielmi araşdırmalar

Fosil arxivi

Fosil nədir?

Oxu müddəti: ~4 dəq.

Daşda qorunmuş nal xərçəngi fosili
Qabığı, ayaqları və quyruq iynəsi tam qorunmuş nal xərçəngi fosili

Bir bitki və ya heyvanın qədim geoloji dövrlərdən bəri yer qabığında qorunub saxlanmış qalıqlarına və ya izinə fosil deyilir. Fosil sözü latın dilində “qazılıb çıxarılmış” mənasını verən fossilis sözündən gəlir. Yer üzünün hər tərəfindən toplanmış fosillər, həyatın başlanğıcından bəri yer üzündə yaşamış canlılar haqqında məlumat verən ən mühüm mənbədir.

Normal şəraitdə bir heyvan öldükdə onun qalıqları sürətlə yox olur. Ölən canlı ya leşyeyən heyvanlar tərəfindən aradan qaldırılır, ya da mikroorqanizmlər tərəfindən parçalanır, dolayısı ilə heyvanın qalıqları iz qoymur. Qalıqların qorunması yalnız xüsusi hallarda təmin edilir.1 Bu səbəbdən canlılar öldükdən sonra onların ancaq çox kiçik bir hissəsi fosil olaraq qoruna bilir. Adətən ölən bir canlının fosilləşə bilməsi iki şərtin mövcudluğundan asılıdır:

  1. Çürüməkdən və leşyeyənlərin hücumlarından qorunması üçün sürətlə basdırılması;
  2. Bədənində fosilləşə bilən bərk hissələrin olması.

Darvinin nəzəriyyəsinin elm dünyasına hakim olmasından bəri paleontologiya (fosil elmi) bu nəzəriyyə əsas götürülərək aparılır. Lakin buna baxmayaraq, dünyanın bir çox fərqli bölgəsində aparılan fosil qazıntıları nəzəriyyəni dəstəkləyən deyil, təkzib edən nəticələr vermişdir. Fosillər fərqli canlı qruplarının yer üzündə özünəməxsus quruluşları ilə qəfildən ortaya çıxdıqlarını, yəni yaradıldıqlarını göstərir.

Fosil necə əmələ gəlir?

Fosil əmələ gəlməsi üçün ən mühüm və ən əlverişli mühit gilli və palçıqlı mühitdir. Bu palçığın içinə hər hansı bir şəkildə düşmüş və ya sürüklənmiş canlının ətrafındakı elementlər bərkiyəndə həqiqi bir qəlib ortaya çıxır. Daha sonra canlı, adətən, çürüyərək aradan qalxır, lakin qəlib daimi olaraq qalır. Bu qəlibin içərisinə daha sonra minerallar dolarsa, yenidən bir qəlib alınaraq canlının ümumi cizgilərini verəcək bir mulaj əmələ gəlir. Bədən hissələri müxtəlif minerallı sularla və ya yalnız minerallarla dolarsa, buna daşlaşma deyilir. Bu daşlaşma bəzən o qədər mükəmməl olur ki, üzərində anatomik araşdırmalar belə aparıla bilər.2

Daşda qorunmuş fıstıq ağacı yarpaqlarının izləri
Damarlarına qədər qorunmuş yarpaq izləri (Fagus attenuata). Fosillər təkcə bərk hissələri deyil, belə zərif izləri də saxlaya bilir.

Fosillər yalnız canlıların bərk hissələrini (sümük, diş, qabıq və s.) deyil, eyni zamanda müxtəlif orqanların və həyat fəaliyyətinin izlərini daşıyan qəlibləri də əhatə edir. Sümüklərin formasından, üzərindəki əzələ birləşmələrindən heyvanın necə durduğu və necə hərəkət etdiyi də anlaşıla bilər.3 Fosillərin araşdırılması eyni zamanda nəsli kəsilmiş heyvanlar və bitkilər haqqında da məlumat əldə etməyimizi təmin edir. Bu məlumatlar hansı zaman kəsiklərində hansı canlıların yaşadığını da göstərir.

Fosillər və təkamül iddiası

Təkamülçülər fosilləri bugünkü canlılarla aralarında qohumluq əlaqələri qurmaq və inkişaf prosesləri arasında bənzərliklər göstərə bilmək baxımından çox mühüm sayırlar. Canlıların bir-birindən mərhələ-mərhələ təkamülləşərək törədiyi iddialarını doğrulaya bilmək üçün fosil qalıqlarına müraciət edirlər. Lakin bu gün fosil qeydlərinin 80%-i ortaya çıxarılmış olmasına baxmayaraq, sonradan saxtakarlıq və ya təhrif məhsulu olduğu anlaşılan bir neçə fosildən başqa irəli sürə bildikləri tək bir sübut belə yoxdur. Əksinə, yer təbəqələrindəki fosillər canlıların ilk yaradıldıqlarından bəri qüsursuz şəkildə var olduqlarını təsdiqləyir (bax: Fosil qeydləri).

Amerikalı paleontoloq R. Wesson da 1991-ci ildə nəşr olunan “Beyond Natural Selection” adlı kitabında “fosil qeydlərindəki boşluqların real və faktiki” olduğunu belə izah edir:

Nə var ki, fosil qeydlərindəki boşluqlar realdır. Hər hansı bir (təkamül) soy inkişafını göstərəcək qeydlərin yoxluğu son dərəcə faktikidir. Növlər adətən çox uzun zaman kəsikləri boyunca sabit qalırlar. Növlər və xüsusilə cinslər heç vaxt yeni bir növə və ya cinsə doğru təkamül göstərmirlər. Bunun əvəzinə, bir növün və ya cinsin digəri ilə əvəz olunduğu müşahidə edilir. Dəyişiklik isə əksər hallarda qəfil olur.4

İstinadlar

  1. Bilim ve Yaşam Ansiklopedisi, Gelişim Yayınları, İstanbul, 1976, s. 4 ↩
  2. Prof. Dr. Ali Demirsoy, Yaşamın Temel Kuralları, Genel Biyoloji / Genel Zooloji, Cild I, Hissə I, Ankara, 1993, s. 629–630 ↩
  3. Prof. Dr. Ali Demirsoy, Yaşamın Temel Kuralları, Genel Biyoloji / Genel Zooloji, Cild I, Hissə I, Ankara, 1993, s. 629 ↩
  4. R. Wesson, Beyond Natural Selection, MIT Press, Cambridge, MA, 1991, s. 45 ↩