Oxu müddəti: ~3 dəq.
Təkamülçü ədəbiyyatda uzun müddət yer alan, amma əsassızlığı məlum olduqdan sonra səssiz-sədasız bir kənara qoyulan iddialardan biri də “rudiment orqanlar” anlayışıdır. Ancaq bəzi yerli təkamülçülər “rudiment orqanları” hələ də təkamülün böyük dəlili hesab edir və elə göstərməyə çalışırlar.
Rudiment orqanlar iddiası bundan bir əsr əvvəl irəli sürülmüşdü. İddiaya əsasən, canlıların orqanizmlərində əcdadlarından onlara miras qalmış, ancaq istifadə edilmədiyi üçün zaman ərzində funksiyasını itirmiş orqanlar mövcuddur.

Bu əsla elmi iddia deyildi, çünki məlumat çatışmazlığından qaynaqlanırdı. “Funksiyasını itirmiş orqanlar”, əslində, “funksiyası müəyyən edilməmiş” orqanlar idi. Bunun ən yaxşı göstəricisi də təkamülçülər tərəfindən sadalanan uzun “rudiment orqanlar” siyahısının getdikcə qısalması oldu. Özü də bir təkamülçü olan S.R.Skeddinq “Təkamül nəzəriyyəsi” (Evolutionary theory) jurnalında dərc etdirdiyi “Rudiment orqanlar təkamülə dəlildirmi?” başlıqlı məqaləsində bu həqiqəti belə qəbul edir:
(Biologiya haqqında) məlumatımız artdıqca rudiment orqanlar siyahısı da getdikcə qısaldı… Bir orqanın funksiyasız olduğunu müəyyən etmək mümkün olmadığına və onsuz da rudiment orqanlar iddiası elmi xüsusiyyət daşımadığına görə, “rudiment orqanlar”ın təkamül nəzəriyyəsi lehinə hər hansı dəlil təşkil etmədiyi nəticəsinə gəlmişəm.313
Alman anatomiyaçısı R.Viderşeym tərəfindən 1895-ci ildə ortaya atılan “rudiment insan orqanları” siyahısı appendiks, büzdüm sümüyü kimi təxminən 100 orqandan ibarət idi. (Appendiks, əsasən, “appendisit” kimi tanınan orqandır. Dilimizdə səhvən “appendisit” tələffüz edilən bu söz, əslində, bu orqanın infeksiyaya uğramasına verilən addır). Ancaq elm inkişaf etdikcə Viderşeymin siyahısındakı orqanların hamısının orqanizmdə çox mühüm funksiya yerinə yetirdiyi məlum oldu. Məsələn, “rudiment orqan” hesab edilən appendiksin, əslində, orqanizmə daxil olan mikroblara qarşı mübarizə aparan limfa sisteminin bir hissəsi olduğu müəyyən edildi. Bu həqiqət 1997-ci il tarixli bir tibbi mənbədə belə bildirilir:
Orqanizmdəki qalxanabənzər vəzi, dalaq, appendiks, sümük iliyi kimi orqanlar limfa sisteminin hissələridir. Onlar da orqanizmin infeksiya ilə mübarizə aparmasına kömək edirlər.314
Eyni “rudiment orqanlar” siyahısına daxil edilmiş badamcıqların da boğazı xüsusilə yetkinlik yaşına qədər infeksiyalara qarşı qorumaqda mühüm rol oynadığı məlum oldu. Onurğa sümüyünün son hissəsi olan büzdüm sümüyünün isə çanaq sümüyünün ətrafındakı sümüklərə dəstək olduğu, bu səbəbdən büzdüm sümüyü olmadan rahat oturmağın mümkün olmadığı məlum oldu. Bundan əlavə, bu sümüyün çanaq hissəsindəki orqanların və buradakı müxtəlif əzələlərin də birləşdiyi sümük olduğu müəyyən edildi.


Sonrakı illərdə yenə “rudiment orqanlardan” hesab edilən qalxanabənzər vəzinin T hüceyrələrini hərəkətə gətirərək orqanizmin limfa sistemini aktivləşdirdiyi, epifiz vəzinin lütein hormonuna təsir edən melatonin hormonu ifraz etdiyi kəşf edildi. Qalxanabənzər (tiroid) vəzinin körpələrdə və uşaqlarda orqanizmin normal inkişafını təmin etdiyi və maddələr mübadiləsi və orqanizmin aktivliyinin tənzimlənməsində rol oynadığı müəyyən edildi. Hipofiz vəzinin ön payının da qalxanabənzər, böyrəküstü vəzi, çoxalma vəziləri kimi bir çox hormon vəzisinin düzgün fəaliyyət göstərməsini və skeletin inkişafını tənzimlədiyi aşkar edildi.
Darvin tərəfindən “rudiment orqan” adlandırılan gözdəki aypara formasındakı çıxıntının isə gözün təmizlənməsi və nəmləndirilməsində mühüm rol oynadığı məlum oldu.
Rudiment orqanlar iddiasında təkamülçülərin çox mühüm məntiqi səhvi də vardı. Məlum olduğu kimi bəzi təkamülçülər canlılardakı rudiment orqanların keçmişdəki əcdadlarından miras qaldığını iddia edirdilər. Halbuki “rudiment orqan” hesab edilən bəzi orqanlar insanın əcdadı olduğu iddia edilən canlılarda yoxdur! Məsələn, təkamülçülər tərəfindən insanın əcdadı hesab edilən bəzi meymunlarda appendiks yoxdur. Rudiment orqanlar tezisinə qarşı çıxan bioloq H.Enok bu məntiqi səhvi belə ifadə edir:
İnsanların appendiksi var. Ancaq daha qədim əcdadları olan ibtidai meymunlarda appendiks yoxdur. Appendiks təəccüblü şəkildə daha ibtidai quruluşa malik olan məməlilərdə, məsələn, opossumlarda yenidən üzə çıxır. Elə isə təkamül nəzəriyyəsi bunu necə açıqlaya bilər?315
Bütün bunlarla bərabər, funksiyasını itirmiş bir orqanın zaman ərzində kiçilərək yox olması məntiqi cəhətdən ziddiyyətlidir. Bu ziddiyyəti dərk edən Darvin “Növlərin mənşəyi” kitabında belə etiraf edir:
Bununla yanaşı, başqa bir çətinlik də var. Bir orqan funksiyasını itirdikdən və bunun nəticəsində çox kiçildikdən sonra, necə ola bilər ki, ondan heç seçilməyən bir iz qalana kimi ölçücə kiçilməyə davam etsin, axırda da tamam yoxa çıxsın? Bir orqan bir dəfə funksiyasını itirdikdən sonra istifadəsiz qalmasının həmin orqana müsbət təsiri ola bilməz. Burada mənim verə bilməyəcəyim bir açıqlamaya ehtiyac var.316
Qısaca desək, təkamülçülər tərəfindən ortaya atılan rudiment orqanlar ssenarisinin həm öz daxilində məntiqi səhvləri var, həm də elmi cəhətdən səhvdir. İnsanlarda “əcdadlarından miras qalmış” heç bir rudiment orqan yoxdur.
İstinadlar
- S. R. Scadding, “Do ‘Vestigial Organs’ Provide Evidence for Evolution?”, Evolutionary Theory, cild 5, may 1981, səh. 173. ↩
- The Merck Manual of Medical Information, Home edition, New Jersey: Merck & Co., Inc. The Merck Publishing Group, Rahway, 1997. ↩
- H. Enoch, Creation and Evolution, New York: 1966, səh. 18-19. ↩
- Charles Darwin, Türlerin Kökeni, Onur Yayınları, 5-ci nəşr,, Ankara 1996, səh. 516. ↩
